Simsar.az | bizi özünüzə Simsar bilin
Vəkilliyi donduruldu

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində vəkil Xalid Bağırov barəsində Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun verdiyi şikayətə baxılıb.

Rəyasət Heyətinin qərarına əsasən, vəkil Xalid Bağırovun fəaliyyəti bir il müddətinə dayandırılıb. Qərarda bildirilib ki, Xalid Bağırov vəkillik sirlərini ictimaiyyətə açıqlayıb. Məlumat üçün bildirək ki, Xalid Bağırov hüquq müdafiəçisi Vidadi İsgəndərovun, eyni zamanda Nizami rayon Polis İdarəsində ölən Elvin Əsgərovun vəkili olub.

Bu gün Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkillər Aslan İsmayılov və Elçin Namazov barəsində olan şikayətə də baxılıb. İntizam Komissiyası Aslan İsmayılovun vəkillik etikasını pozduğunu, Elçin Namazovun isə qanun pozuntusuna yol verdiyini əsas gətirərək, şikayətləri baxılması üçün Rəyasət Heyətinə göndərib.

Aslan İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, bir nəfər onun ofisinə gələrək, müqavilə bağlayıb və bildirib ki, evini əlindən alıblar: “Mən də həmin işi araşdırarkən gördüm ki, bu adam dələduzluq etmək istəyir. Buna görə onu ofisdən qovdum. İndi məni çağırıb deyirlər ki, etikanı pozmuşam. Mən dələduzu yuxarı başda oturtmalı deyiləm ki? Bütün bunlar məqsədli şəkildə həyata keçirilir”.

Qeyd edək ki, Elçin Namazov İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya zamanı saxlanılan Rüfət Hacıbəylinin vəkilidir. Məhkəmə zamanı hakim onun işdən uzaqlaşdırılması və cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət edib.

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev isə jurnalistlərə açıqlamasında bildirib ki, Xalid Bağırov məhkəməyə müraciət edə bilər: “Həmin qərarı mən yox Rəyasət Heyəti verib. Əgər kimsə narazı qalıbsa məhkəməyə şikayət edə bilər. Başqa məsələlər barəsində isə heç nə deyə bilmərəm”.

14 Sentyabr, 2011  19:51 Baxılıb: 906

Bu bölmədə