Simsar.az | bizi özünüzə Simsar bilin
Xüsusi Dövlət Mühafizə Xidmətinin əsgər və zabitini maşın vurub: 1 ölü, 2 yaralı

Bakı-Şamaxı yolunda 3 piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə bu gün səhər saat 07:00 radələrində yolun 43.9-cu kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Sabirabad rayonunun “Şəhriyar” köçkün düşərgəsində məskunlaşmış Cəbrayıl sakini 1991-ci il təvəllüdlü İsmayılov Anar Sabir oğlu idarə etdiyi 10-GZ-871 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən qəflətən yolun soluna çıxıb və kənarda dayanmış 3 piyadanı - Xüsusi Dövlət Mühafizə Xidmətinin baş çavuşu, Neftçala rayon sakini 1987-ci il təvəllüdlü Xankişiyev Kərim Qamət oğlunu, xidmətin əsgəri, Siyəzən rayon sakini 1991-ci il təvəllüdlü Əsgərov Pərvin Namiq oğlunu və Sumqayıtın Saray qəsəbə sakini 1950-ci il təvəllüdlü Bayramov Rafiq İslam oğlunu vurub.

Hadisə nəticəsində əsgər Pərvin Əsgərov dünyasını dəyişib, hərbiçi Kərim Xankişiyev hospitala, digər yaralı isə paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Hadisə yerindən qaçan sürücü Anar İsmayılov keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bu gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. O, hadisənin sükan arxasında yatdığı üçün baş verdiyini bildirib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, əsgər Pərvin Əsgərov sabah 20 yaşını qeyd edəcəkmiş.

14 Sentyabr, 2011  04:41 Baxılıb: 1005

Bu bölmədə