Simsar.az | bizi özünüzə Simsar bilin
Keçmiş deputatla indiki deputat məhkəmədə üz-üzə

Onlar bir-birini təhqir edib

İctimai Palatanın üzvü Pənah Hüseynin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevə qarşı iddiasına baxılacaq. BAXCP-dən “Media forum” saytına verilən məlumata görə, sentyabrın 22-də Yasamal Rayon Məhkəməsində başlayacaq prosesə hakim Abbas Rzayev sədrlik edəcək.

Bu ilin mayında Milli Məclisin iclasında söz alan Qüdrət Həsənquliyev aprelin 2-də Bakıda keçirilən razılaşdırılmamış mitinqə toxunaraq deyib: “Aksiyadan sonra Azərbaycanda bir qrup gənc həbs olunub. Həmin gəncləri mitinqə çağıran İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Yessentukidə dincəlirlər. Amma həbsdə olan gənclərin valideynlərinin övladlarının yanına getmək imkanları yoxdur. İnanmıram ki, bundan sonra kimsə İctimai Palatanın çağırışı ilə küçəyə çıxsın”.

2 aprel aksiyasının təşkilatçısı olan İctimai Palatanın üzvü, Qüdrət Həsənquliyev açıqlama verərkən Rusiyanın Yessentiki şəhərində dincələn Pənah Hüseyn mətbuatda deputata sərt cavab verib. Daha sonra qarşılıqlı sərt ittihamlar bir-birini əvəz edib və nəticədə Pənah Hüseyn məhkəməyə üz tutub.

Sentyabrın 8-də “Media forum” saytına danışan Pənah Hüseyn iddia ərizəsində məhkəmədən nə istədiyini açıqlamayıb: “Hamıya bəlli olan məsələlərə görə məhkəməyə müraciət etmişəm. Konkret iddia ərizəsi ilə məhkəmə günü tanış olarsınız”.

“Media forum” saytının sorğusunu cavablayan BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə Pənah Hüseynin iddiasında nələrin yer aldığından məlumatsız olduğunu deyib: “Bizdə iddia ərizəsinin surəti yoxdur”.

8 Sentyabr, 2011  20:35 Baxılıb: 970

Bu bölmədə