Simsar.az | bizi özünüzə Simsar bilin
Bu il QİÇS-dən neçə adam ölüb?

İndiyədək xəstəlikdən 398 nəfər dünyasını dəyişib

2011-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV infeksiyasından (QİÇS) 23 nəfər dünyasını dəyişib. Bu haqda APA-ya Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib. İndiyədək ölkədə İİV infeksiyasından 398 nəfər dünyasını dəyişib, onlardan 5-i əcnəbi vətəndaş olub.

Bu ilin 6 ayı ərzində Azərbaycanda 303 nəfərdə bu xəstəliyə yeni yoluxma halı aşkar edilib. Onlardan 298-i Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 298 azərbaycanlılardan 213-ü kişi, 85-i qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən insanların sayı 104 nəfər olub, onlardan 2-si əcnəbidir.

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2011-ci ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 3026 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2919 nəfəri Azərbaycan vətəndaşı, 107 nəfəri isə əcnəbidir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2392-i kişi, 527-i qadındır. QİÇS mərhələsində olan insanların sayı 804 nəfər olub, onlardan 793 nəfər Azərbaycan vətəndaşlarıdır.

Azərbaycan vətəndaşında ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2011-ci ilin 6 ayının sonunadək 2919 İİV-ə yoluxmuş insandan 798-i Bakı şəhəri və Abşeron rayonunda, 2078-i respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 43 nəfərin yaşayış yeri naməlumdur. Qeydiyyatda olanların 1831-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 746-da heteroseksual, 26-da isə homoseksual kontakt nəticəsində, 39-da anadan uşağa keçməklə, 1-də donor qanının köçürülməsi nəticəsində baş verib, 276 nəfərdə isə yoluxma yolu naməlumdur.

2 Sentyabr, 2011  20:50 Baxılıb: 896

Bu bölmədə