Simsar.az | bizi özünüzə Simsar bilin
Deputatlığa keçmiş namizədin həbs müddəti 3 ay uzadıldı

Nadir Orucov qətl törətməkdə günahlandırılır

Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, Səbayel Rayon Məhkəməsi Nadir Orucov barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar verib. Məlumata görə, istintaqı Səbail rayonu ərazisində yerləşən Bakı Şəhər Prokurorluğunda aparıldığına görə, həbs-qətimkan tədbiri də bu rayon məhkəməsi tərəfindən uzadılıb.

Xatırladaq ki, iyunun 8-də Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir. “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır.

Onu da qeyd edək ki, bundan əvvəl Nəsimi Rayon Məhkəməsi Nadir Orucov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

1 Sentyabr, 2011  17:43 Baxılıb: 994

Bu bölmədə