Simsar.az | bizi özünüzə Simsar bilin
2 qızıl, 1 gümüş, 1 bürünc medal

İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub.

Simsar.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 

Çempionatın son günündə rinqə çıxan boksçularımızdan ilk olaraq Pərviz Bağırov (60 kq) qələbə qazanıb. Həmyerlimiz final qarşılaşmasında litvalı Edqaras Skurdlislə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşün birinci raundu 3:3 hesabı ilə başa çatıb. 3-cü hissədə üstünlüyü ələ alan Bağırov 11:8 hesabı ilə qalib gələrək, Avropa birinciliyinin qızıl medalına layiq görülüb.

75 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov komandamızın hesabına 2-ci qızıl medalı qazandırıb. Millimizin üzvü finalda Rusiya nümayəndəsi Maqomed Madiyevə 17:11 hesabı ilə qalib gəlib.

Son olaraq boksçularımızdan Heydər Heydərov (+91 kq) rinqə çıxıb. Heydərov rusiyalı Həsən Gimbatova uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, komandamızın heyətində Coşğun Əliyev (64 kq) bürünc medala layiq görülüb. Yığmamız komanda hesabında yalnız Rusiyanı özündən irəli buraxaraq, 2-ci yeri tutub. İrlandiya 3-cü nəticə göstərib.

29 Avqust, 2011  21:45 Baxılıb: 992

Bu bölmədə