Simsar.az | bizi özünüzə Simsar bilin
Lənkəranda qaranlıq

Yağış fəlakət yaradıb

Azərbaycanın cənub bölgəsinə gecə saatlarından güclü yağış yağmağa başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, intensiv yağan yağış suları şəhər küçələrinə dolub. Su ötürücü kanallar yağış sularını çəkib apara bilmədiyindən bir çox həyətləri su basıb. Əsas problem isə rayonun enerji təsərrüfatında yaranıb. Rayonun kəndləri və şəhərin bir hissəsi gecədən səhər saatlarına qədər enerjisiz qalıb.

Lənkəranın baş mühəndisi Şamid Bəhramovun verdiyi məlumata görə, təbiət hadisəsi Lənkəranın elektrik təsərrüfatına ziyan vurub. Kəndlərin 30 faizi enerjisiz qalıb. Hazırda bərpa işləri həyata keçirilir.

Mühəndisin sözlərinə görə, yaşı keçmiş ağaclar həmişəki kimi rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik xətlərinin mühafizə zonasında olan hündür ağacların yıxılması ciddi problemlər yaradıb.

“Abadlıq kombinatına bu ağacların vaxtında kəsilməsilə bağlı müraciət etmişdik. Şəhər ərazisində 3 transformatorumuz, kəndlərdə 6 transformatorumuz qismən zədələnib. Bütün istismar heyəti işə cəlb olunub. Günün sonuna qədər bütün kəndlərdə enerjini bərpa etməyə çalışacağıq”, - deyə Şamid Bəhramov vurğulayıb.

Enerjisiz qalan kəndlərin sakinləri də bildirirlər ki, yaşı keçmiş ağaclar təhlükə mənbəyidir. Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev yağan güclü yağışların ancaq rayonun enerji təchizatında problem yaratdığını və digər sahələrə ziyan yetirmədiyini deyib. Lənkəran regional hidrometeorologiya müəssisəsinin direktor müavini İdris Höccətova bildirir ki, intensiv yağışlar sabaha qədər davam edəcək.

Qeyd edək ki, intensiv yağışlar Lənkəran və Viləşçayda suyun səviyyəsinin 40 faiz qalxmasına səbəb olub. Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

24 Avqust, 2011  21:24 Baxılıb: 981

Bu bölmədə