Simsar.az | bizi özünüzə Simsar bilin
4 boksçumuzdan 2-si növbəti mərhələyə vəsiqə qazanıb

İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir.

Simsar.az-ın məlumatına görə, yarışın ikinci günündə rinqə çıxan 4 boksçumuzdan 2-si növbəti mərhələyə vəsiqə qazanıb. 

52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədovun qələbəsi daha əlamətdar olub. Həmyerlimiz Ermənistan təmsilçisi Artur Nersisyanı 16:11 hesabı ilə məğlub edib. Boksçumuz növbəti mərhələdə irlandiyalı Coe Fitspatriklə üz-üzə gələcək. Qeyd edək ki, Əhmədov bu il böyüklər arasında “Böyük İpək Yolu” yarışının qalibi olub, “Ən güclülərin seçmə yarışı”nda isə Elvin Məmişzadəyə cüzi üstünlüklə uduzaraq, 2-ci nəticə göstərib.

Qitə birinciliyində Coşgun Əliyev də (64 kq) ilk döyüşünü qələbə ilə tamamlayıb. Milli komandamızın üzvü finlandiyalı Anti Hietalanı yenib - 15:6. O, növbəti döyüşünü belaruslu Mikita Şabelnikə qarşı keçirəcək. Digər iki boksçumuz – Kamran Məlikov (49 kq) və Hacıbaba Hacıbabayev (91 kq) isə yarışla erkən vidalaşmalı olublar. Məlikov yerli boksçu Evan Metkalfa 1 xal fərqlə uduzub – 11:12. Hacıbabayev isə moldovalı Viktor İalimova 9:12 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündə rinqə çıxan 4 boksçumuzdan 2-si qələbə qazanıb. Qitə birinciliyinə avqustun 27-də yekun vurulacaq.

24 Avqust, 2011  17:24 Baxılıb: 1259

Bu bölmədə