Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-DA ZƏLZƏLƏ BAŞ VERİB

Konqres və Pentagon evakuasiya edilib

ABŞ-da güclü zəlzələ baş verib. Ən güclü təkanlardan biri paytaxt Vaşinqtonda hiss olunub. Kapitoli təpəsindəki Konqresin binası və Pentaqon əməkdaşlarını evakuasiya ediblər.

Zəlzələ Birləşmiş Ştatların bütün şərq sahillərində, Bostondan Ohayoya qədər hiss olunub. Virciniya ştatındakı Riçmond və Şarlottsvil şəhərlərində təkanlar nisbətən qüvvəli olub. Həlak olan və yaralananlar barədə məlumatlar yoxdur. Kiçik dağıntılar isə var.

Təkanlar Nyu-Yorkda da hiss olunub. Orada Con Kennedi və Nyuark hava limanlarındakı dispetçer xidmətlərinin qüllələrindəki işçilər də evakuasiya olunub. Uçuşlardan öncə qüllələr və uçuş-enmə zolaqları yoxlanılıb.

Nyu-York və Vaşinqton şəhərlərində mobil rabitə fasilələrlə işləyir.

Rixter şkalası ilə 5,9 bal maqnitudalı zəlzələnin episentri Virciniya ştatındakı Mineral şəhərindən 15, paytaxt Vaşinqtondan isə 139 km kənarda olub.

Filadelfiya, Boston, Klivlend, Detroyt və Atlantada da yeraltı təkanlar hiss olunub. ABŞ prezidenti Barak Obamanın ailəsi ilə birlikdə istirahət etdiyi Martas-Vinyard adasında (Massaçusets ştatı) da yeraltı təkanların duyulduğu bildirilib. Zəlzələ zamanı prezident dostları ilə qolf oynayırmış.

Axırıncı dəfə Vaşinqtonda zəlzələ təqribən bir il əvvəl olmuşdu. O zaman təkanların maqnitudası Rixter şkalası ilə 4 bal təşkil etmiş, tələfat və dağıntılar olmamışdı.

24 Avqust, 2011  15:09 Baxılıb: 968

Bu bölmədə