Simsar.az | bizi özünüzə Simsar bilin
Ordubadın hərbi komissarı tutuldu

Azərbaycanda daha bir rayonun hərbi komissarı həbs edilib.

Məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayon hərbi komissarı polkovnik-leytenant Cahangir Həsənov korrupsiyada ittiham olunur. C. Həsənov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb.

Naxçıvan Hərbi Komissarlığından APA-ya C. Həsənovun saxlanılmasını təsdiqləyiblər. Komissarlıqdan bildirilib ki, onun səlahiyyətlərini müvəqqəti olaraq kapitan Vüqar Rəhimov icra edir.

Xatırladaq ki, bir müddət əvvəl Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev və bir sıra rayonların hərbi komissarları korrupsiya faktı ilə əlaqədar həbs ediliblər. Ümumilikdə bu günə qədər 20-ə yaxın komissarlıq işçisi həbs edilib.

Respublikanın hərbi prokuroru Xanlar Vəliyev 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunan kollegiyada bildirib ki, bu il Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb və istintaq davam etdirilir.

22 Avqust, 2011  18:28 Baxılıb: 916

Bu bölmədə