Simsar.az | bizi özünüzə Simsar bilin
Zaqatalada sel körpünü aparıb

Balakəndə Katex çay ətrafındakı qoruyucu bənd dağılıb

İri çaylarda daşqın təhlükəsi var. Leysan yağışları Azərbaycanın Zaqatala və Balakən rayonlarında bir sıra fəsadlar törədib. Ötən gün respublikanın şimal-qərb bölgəsində axşam saatlarından başlayaraq qeyri-sabit hava şəraiti hökm sürüb.
Böyük Qafqaz dağlarının cənub ətəyinin Zaqatala və Balakən rayonları ərazisindən keçən hissəsinə leysan yağışları yağıb. Nəticədə bölgənin iri çaylarından Talaçay, Katexçay, Balakən, Mazım, Silban və Mazıx çaylarında suyun səviyyəsi normadan artıb.
Zaqatala rayon ərazisindən axan Silban çayında suyun həddindən artıq qalxması nəticəsində sel çayın Zaqatala şəhər ərazisindən keçən hissəsində əhalinin şəhərə gediş gəlişini təmin edən piyada körpüsü dağıdıb, rayonun Mazıx kəndi ərazisindən keçən Mazıx çayının daşması nəticəsində kəndin bir sıra yaşayış evlərinin həyətyanı sahələri və fındıq bağları yağış suları ilə dolub.
Talaçayda da suyun miqdarı normadan çox olub, bir neçə elektrik dirəyini su aparıb. Bu səbəbdən rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Balakən rayon icra hakimiyyətindən verilən məlumata görə, dağlara yağan leysan yağışları nəticəsində rayon ərazisindən axan iri çaylarda daşqın təhlükəsi yaranıb. Katex çayında suyun səviyyəsinin həddindən artıq qalxması nəticəsində çayın kənarındakı qoruyucu bəndləri sel suları dağıdıb. Balakən rayonunda da bir sıra həyətyanı sahələr və əkin yerləri su altında qalıb.
Hazırda sözügedən rayonlarda leysan yağışları nəticəsində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

22 Avqust, 2011  17:01 Baxılıb: 1357

Bu bölmədə