Simsar.az | bizi özünüzə Simsar bilin
MEDVEDEV ƏLİYEV VƏ SƏRKİSYANA MƏKTUB GÖNDƏRDİ

Rusiya prezidenti məktubunda rəsmi Bakının bəzi təkliflərini dəstəklədiyini bildirib

“Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı özünün mövqeyi barədə azərbaycanlı həmkarı İlham Əliyevə və Serj Sərkisyana göndərdiyi məktubunda Azərbaycan tərəfinin təqdim etdiyi bir sıra təklifləri dəstəklədiyini bildirib”.

Simsar.az bildirir ki, bu barədə Rusiyanın nüfuzlu “Moskovski Novosti” qəzeti Kremldəki mənbələrinə istinadən məlumat yayıb. 

Kremldəki mənbə qəzetə bildirib ki, Medvedev Kazan görüşünün nəticəsiz bitməsinin səbəbləri ilə bağlı müzakirələr aparıb. Bəlli olub ki, rus və erməni diplomatları tərəfindən Bakının gedə biləcəyi siyasi kompromislərin miqyası həddən artıq qiymətləndirildiyi üçün Kazan görüşü iflasa uğrayıb. Bundan sonra vəziyyətə müdaxilə edən D.Medvedev tabeçiliyində olanların səhvlərini təcili şəkildə düzəltəməyə vadar olub.

“Bizə daxil olan məlumatlara görə, Medvedev Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinə təklif etdiyi bir sıra arqumentlərə tərəfdar çıxıb”-deyə qeyd edən qəzet bildirib ki, bu barədə Rusiya dövlət başçısı hər iki prezidentə göndərdiyi məktubunda fikirlərini izah edib.

Məhz bundan sonra ilk olaraq Azərbaycan Rusiya prezidentinin təkliflərinə cavab verib. Bunun sübutu kimi Elmar Məmmədyarovun Moskvaya səfərini göstərən “Moskovski Novosti” yazır ki, Sərkisyanın cavabı hələ bəlli deyil.

“Məlumatlara görə, Azərbaycan tərəfi Medvedevin məktubunda əks olunmuş təkliflərlə bağlı danışıqlar prosesini davam etdirməyə razılıq verib. Sərkisyanın bununla bağlı mövqeyi isə naməlumdur”.
Bu sözləri Moskva Dövlət Unversitetinin İnformasiya-analitik Mərkəzinin baş direktoru Aleksey Vlasov qəzetə açıqlamasında bildirib. Politoloq qeyd edib ki, məhz buna görə, Medvedev ilk olaraq İlham Əliyevlə görüşməyə qərar verib.
“Əgər Əliyevlə danışıqlar uğurlu olsa, məntiqlə Medvedev Sərkisyanla görüşməldir. Bundan sonra sentyabr ayında dəqiqləşdirilmiş və modifikasiya edilmiş “yol xəritəsi” imzalanmalıdır. Bu əgər razılaşdırılırsa, o deməkdir ki, tərəflər danışıqlar prosesinin yeni mərhələsinə adlayırlar”-deyə Vlasov vurğulayıb.

Qeyd edək ki, sabah Soçidə Rusiya prezidenti ilə Azərbyacanın dövlət başçısı İlham Əliyev arasında görüş keçiriləcək. Rusiya prezidentinin dəvəti ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi müzakirə mövzusu olacaq.

Bir neçə gün əvvəl isə D.Medvedev KİV-ə verdiyi müsahibəsində bildirib ki, 2008-ci il hadisələri Azərbaycan və Ermənistan üçün ibrət dərsi olub.

8 Avqust, 2011  19:56 Baxılıb: 991

Bu bölmədə