Simsar.az | bizi özünüzə Simsar bilin
Eynulla Fətullayev pulunu aldı

O, 25 min avro təzminatı bu gün götürüb

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Avropa Məhkəməsinin qərarı üzrə ona verilməli olan təzminatı bu gün alıb. Bu barədə Simsar.az-a baş redaktor məlumat verib. 


Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən Azərbaycan hökuməti həbsdə olan jurnalist Eynulla Fətullayevə 25 min avro təzminat ödəməliydi. Hökumətsə ödəyəcəyi pulları jurnalistin Beynəlxalq Bankdakı həbs qoyulmuş hesabına köçürmüşdü. Bu məbləğ ötən ilin sonlarında dondurulmuş hesaba köçürüldüyündən Eynulla Fətullayevin ailəsi həmin pulları əldə edə bilmirdi. Avropa Şurasının Nazirlər Komitəsi qərar vermişdi ki, bu pul heç bir bağlı hesaba köçürülə bilməz, heç bir borca silinə bilməz.

E. Fətullayev bildirib ki, dövlət başçısının məsələyə müdaxiləsindən sonra problem həllini tapıb. “Bir saat əvvəl mən bank hesabından həmin təzminat pulunu aldım”-deyə baş redaktor vurğulayıb.

Avropa İnsan Haqları Məhkəməsi ötən il aprelin 22-də Fətullayevin həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib. Qərara görə, Fətullayevə Azərbaycan hökuməti tərəfindən 25 min avro təzminat ödənilməliydi.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmək, milli ədavəti qızışdırmaq və vergidən yayınmaqda ittiham olunaraq, 8 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Onun barəsində 2009-cu ilin dekabrında Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddəsi ilə cinayət işi açılmışdı. Bu ittihamla Eynulla Fətullayev Qaradağ rayon məhkəməsinin hökmü ilə bu il iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu il may ayının 26-da E.Fətullayev Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azad edilib.

8 Avqust, 2011  19:07 Baxılıb: 997

Bu bölmədə