Simsar.az | bizi özünüzə Simsar bilin
DÜNYA YENİ BÖHRANIN ASTANASINDADIR

Dünyanın aparıcı şirkətlərinə məxsus səhmlərin dəyəri 2008-ci ildən sonra ilk dəfə olaraq kəskin şəkildə ucuzlaşıb.

Cəmi bir gün ərzində Nyu-York birjasında WTI neftinin dəyəri 5,8%, London birjasında isə Brent markalı neftin dəyəri 5,3% azalıb.

Fond bazarlarında səhmləri daha çox ucuzlaşan şirkətlər xammal sənayesini təmsil edir. Alüminium nəhəngi olan “Alcoa”nın səhmləri 9,3%, “Chevron” neft şirkətinin səhmlərinin dəyəri isə 5,8% azalıb. Amerikadan sonra sarsıntı Asiya fond bazarlarını bürüyüb. Regionun ən iri şirkətlərinin səhmlərini əks etdirən “MSCI Asia Pacific” indeksi avqustun 5-də hərraclar başlayandan 4% azalıb. Nəticədə, mayın 2-də indeksin maksimum hədd olduğu dövrdən indiyədək azalma 10%-ə çatıb. Təkcə ötən həftə “MSCI Asia Pacific” 8% itirib - bu, 2008-ci ilin oktyabrından sonra ən pis göstəricidir. Yaponiyanın “Nikkei 225” indeksi 3,72% azalıb, sonuncu dəfə belə kəskin azalma bu ilin martında - zəlzələ zamanı baş verib. Avropa birjalarında da enmə prosesləri davam edir. Ümumiyyətlə, Qərbi Avropanın bütün 18 əsas fond indeksi azalıb. Avropanın iri müəssisələrinin ümumiləşdirilmiş indeksi “Stoxx Europe 600” 0,6% enib. Ümumilikdə, bu indeks 2011-ci ilin fevralında qeydə alınan maksimum həddən indiyədək 16% aşağı düşüb.

Xammal bazarında da enmə başlayıb. Neftin və digər xammalların qiyməti aşağı düşüb. Avqustun 4-də London birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 5,9 dollar və ya 5,3% azalaraq 107,25 dollar təşkil edib. Nyu-York birjasında isə WTI neftinin (Texas nefti) ixracına dair sentyabr müqaviləsinin dəyəri 5,3 dollar və ya 5,8% azalaraq 1 barrelə görə 86,6 dollara bərabər olub. Bu son 3 ayda qeydə alınan ən aşağı qiymətdir. Bundan başqa, mis və nikelin qiyməti müvafiq olaraq 1,8% və 1,44% aşağı düşüb. Bu ərəfədə yalnız qızılın qiyməti artıb. Hərraclarda qızılın 1 unsiyası 1 684,8 dollara satılır. Əksər mütəxəssislər fond birjalarında baş verənləri 2008-ci ildəki maliyyə böhranından əvvəl yaşanan hadisələrə bənzədirlər. Mütəxəssislər qlobal iqtisadi böhranın yenidən təkrarlana biləcəyini söyləyirlər.

6 Avqust, 2011  15:57 Baxılıb: 936

Bu bölmədə