Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Barak Obamaya uzun ömür can sağlığı arzuladı

“50 illiyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Əlamətdar yubileyiniz – anadan olmağınızın 50 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində fəal qarşılıqlı işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.
Biz Birləşmiş Ştatların həmçinin regionumuza diqqətini yüksək qiymətləndiririk. Bu mənada torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılması üçün ölkənizin və şəxsən Sizin, cənab Prezident, ardıcıl səyləriniz çox əhəmiyyətlidir. Ümidvaram ki, bu səylər ən yaxın vaxtlarda öz bəhrəsini verəcək və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli ilə nəticələnəcəkdir.
Belə bir əlamətdar gündə, cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

4 Avqust, 2011  16:02 Baxılıb: 1099

Bu bölmədə