Simsar.az | bizi özünüzə Simsar bilin
TAMERLAN QARAYEV OĞLUNUN XİN-dən ÇIXMASININ SƏBƏBLƏRİNDƏN DANIŞDI

“Fərman Qarayev daha yüksək maaşlı işə gedib” 

“Mənim oğlum Xarici İşlər Nazirliyindəki işindən indi çıxmayıb. Artıq yarım ildir ki, o, XİN-dəki işindən ayrılıb. Özü də onu heç kəs işdən çıxarmayıb. Bu işindən daha yüksək maaşlı bir iş tapdığı üçün öz ərizəsi ilə vəzifəsindən istefa verib”. Bunu Simsar.az-a açıqlamasında Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev deyib. O, oğlu Fərman Qarayevin XİN-də tutduğu vəzifədən ermənilərlə əlaqəsinə görə çıxarıldığı ilə bağlı iddialara cavab verib. 

T. Qarayev bildirib ki, oğlunun XİN-də tutduğu vəzifə o qədər yüksək olmadığı üçün işdən ayrılarkən mətbuata məlumat verilməyib, mətbuatsa bu məsələdən yarım il sonra xəbər tutub. O əlavə edib ki, oğlu F.Qarayevin XİN-də işləyərkən heç bir biznesi olmayıb: “Ermənilərlə işbirliyi söhbətini indi sizdən eşidirəm. Bunu kim uydurubsa, səbəblərini də özü bilir. Belə bir şeyin olması mümkünsüzdür. Yenə deyirəm, oğlum Fərman Qarayev XİN-dəki işindən yarım ildir ayrılıb və onu heç kəs işdən çıxarmayıb, öz ərizəsi əsasında vəzifəsindən gedib”.
Xatırladaq ki, mətbuatda yayılan məlumatda deyilirdi ki, T.Qarayevin oğlu F.Qarayev XİN-də tutduğu postdan ermənilərlə əlaqələrinin aşkarlanmasına görə uzaqlaşdırılıb. XİN-in mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı Simsar.az-a açıqlamasında F.Qarayevin öz istəyi ilə vəzifədən getdiyini bildirib.

4 Avqust, 2011  15:56 Baxılıb: 1237

Bu bölmədə