Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ORDUSUNUN MÜQAYİSƏLİ TƏHLİLİ APARILIB

Nəticə: Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri Ermənistanınkından dəfələrlə güclüdür 

Peykdən çəkilmiş şəkillər vasitəsilə dünya ölkələrinin hava hücumundan müdafiə və strateji raket qüvvələrinin imkanlarını təhlil edən “IMINT & Analysis” mərkəzi Azərbaycan və Ermənistana dair araşdırma aparıb. “Eurasinet.org” portalının yazdığına görə mərkəzin analitikləri belə qənaətə gəliblər ki, Ermənistanın və Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin imkanları Azərbaycanın mümkün zərbələrinə qarşı zəifdir.

Təhlilə görə, Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri yaxşı təşkil olunub və Ermənistanın Qarabağ istiqamətindən istənilən hava həmləsini dəf edə bilər. Eyni zamanda Azərbaycanın Hərbi Hava Qüvvələri ölkənin qalan hissəsi üzərindəki hava məkanının müdafiəsini təmin edir, bu da Ermənistanın həmin hava məkanına müdaxiləsi şansını azaldır. Bildirilir ki, hazırda Ermənistanın hava qüvvələri Azərbaycan üçün real təhlükə təşkil etmir, yeganə təhlükə mənbəyi Ermənistana sovet dövründən qalan “Skad” kimi tanınan "R-17" raketləridir. Analitiklərə görə, bu raketlərdən Azərbaycanın neft infrastrukturlarına zərbə endirmək üçün istifadə oluna bilər.
Lakin analizdə bildirilir ki, Azərbaycan ABŞ-ın köməyi ilə əsas neft infrastrukturlarını qorumaq üçün müasir izləmə və radar sistemləri əldə edib. Ona görə də Ermənistanın əlində olan məhdud sayda "R-17" raketləri Azərbaycan üçün ancaq psixoloji baxımdan təhlükə sayılır. Çünki onun hədəfi vurma dəqiqliyi aşağıdır və neft infrastrukturlarını dəqiq vurmağa təminat vermir. Digər tərəfdən, Azərbaycan Rusiyadan müasir "S-300" PMU “Favorit” zenit-raket kompleksləri almaqla bu təhlükəni də neytrallaşdırır. "S-300" PMU “Favorit” kompleksləri vasitəsilə Azərbaycan strateji əhəmiyyətli obyektləri Ermənistanın kiçik mənzilli ballistik raketlərinin mümkün zərbələrindən qoruya biləcək.
Mərkəz peykdən çəkilmiş şəkillər vasitəsilə Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələrinin malik olduğu hava hücumundan müdafiə vasitələrinin də imkanlarını təhlil edib. Bildirilir ki, Dağlıq Qarabağdakı hava hücumundan müdafiə vasitələri Azərbaycanın mümkün hava zərbələrini dəf etmək baxımından hələ güclü sayılır. Lakin bu vasitələr müasir döyüş təyyarələri üçün təhlükə təşkil edə bilməz. Təhlildə deyilir ki, Azərbaycanın hava qüvvələri əsasən sovet istehsalı olan “Miq-29" və ”Su-25", “Su-27" təyyarələrindən ibarətdir. Ancaq Ukraynadan alınan ”Miq-29" təyyarələri modernləşdirilib və hava hücumundan müdafiə sistemlərinə qarşı daha etibarlı olub. Mərkəz Dağlıq Qarabağda erməni qüvvələrinin yerləşdirdiyi hava hücumundan müdafiə bazalarından birinin peyk fotosunu da yayıb. Fotodan görünür ki, ermənilər işğal edilmiş ərazilərdə, sıx meşəlik bölgədə radar kompleksi və mümkün hava hücumlarına qarşı raketlər yerləşdirib.
Analizdə deyilir ki, Ermənistanın hava hücumundan müdafiə imkanları daha zəifdir. Bu ölkədə əsasən S-75 və S-125 zenit sistemləri mövcuddur. Doğrudur, Ermənistanın sərəncamında "S-300P" kompleksləri də var. Ancaq mümkün xarici təhlükələrə qarşı bunlar yetərsizdir. Belə ki, Azərbaycanın müttəfiqi Türkiyənin hava qüvvələrinin sərəncamında 500-ə yaxın müasir döyüş təyyarəsi var və Ermənistanın məhdud sayda zenit raketləri onlara qarşı yetərsizdir.
Deməli, Ermənistan irimiqyaslı hava hücumları qarşısında Rusiyanın dəstəyi olmadan dayana bilməzdi. Ancaq Ermənistana edilən hava hücumu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işə qarışmasına səbəb olacaq. Ona görə də Azərbaycan riskə gedib Ermənistana hava hücumu həyata keçirməzdi. Qeyd edək ki, digər bir çox xarici hərbi ekspertlər və analitiklər də Azərbaycanın havada Ermənistan üzərində aşkar üstünlüyə malik olduğunu təsdiq edirlər.
Bu arada Azərbaycanın Rusiyadan "S-300" PMU “Favorit” raketlərini necə aldığı barədə maraqlı məqamlar ortaya çıxıb. Həmin raket komplekslərini istehsal edən “Almaz ” korporasiyasının direktoru, əslən azərbaycanlı olan İqor Aşurbəyli deyib ki, Rusiya bir çoxlarına həmin raketləri satmaqdan imtina edib. Lakin Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə münasibətləri sayəsində bu raketləri almaq mümkün olub. İ.Aşurbəyli deyib ki, Azərbaycan üçün hazırlanan "S-300" raketlərinin istehsalına şəxsən nəzarət edib. O bildirib ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycan istifadə olunmuş texnika yox, zavoddan yeni çıxmış kompleksləri alıb. “Ümid edirəm ki, Azərbaycan gələcəkdə bizim müəssisədə istehsal olunan "S-400" komplekslərini də ala biləcək və bununla da öz təhlükəsizliyini daha da möhkəmləndirəcək”, - deyə o, “Bakinskiy Raboçi” qəzetinin əməkdaşı ilə söhbətində bildirib.

4 Avqust, 2011  15:49 Baxılıb: 1203

Bu bölmədə