Simsar.az | bizi özünüzə Simsar bilin
Tamerlan Qarayevdən xəbər var

Səfir oğlu barədə deyilənlərə aydınlıq gətirdi

“Mənim oğlum Xarici İşlər Nazirliyindəki işindən indi çıxmayıb. Artıq yarım ildir ki, o, XİN-dəki işindən ayrılıb. Özü də onu heç kəs işdən çıxarmayıb. Bu işindən daha yüksək maaşlı bir iş tapdığı üçün öz ərizəsi ilə vəzifəsindən istefa verib”.

Bunu Lent.az-a açıqlamasında Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev deyib. O, oğlu Fərman Qarayevin Xarici İşlər Nazirliyində tutduğu vəzifədən ermənilərlə əlaqəsinə görə çıxarıldığı ilə bağlı iddialara cavab verib.

T. Qarayev bildirib ki, oğlunun XİN-də tutduğu vəzifə o qədər yüksək olmadığı üçün işdən ayrılarkən mətbuata məlumat verilməyib, mətbuatsa bu məsələdən yarım il sonra xəbər tutub. O əlavə edib ki, oğlu Fərman Qarayevin XİN-də işləyərkən heç bir biznesi olmayıb: “Ermənilərlə işbirliyi söhbətini indi sizdən eşidirəm. Bunu kim uydurubsa, səbəblərini də özü bilir. Belə bir şeyin olması mümkünsüzdür. Yenə deyirəm, oğlum Fərman Qarayev XİN-dəki işindən yarım ildir ayrılıb və onu heç kəs işdən çıxarmayıb, öz ərizəsi əsasında vəzifəsindən gedib”.

Xatırladaq ki, mətbuatda yayılan məlumatda deyilirdi ki, Tamerlan Qarayevin oğlu Fərman Qarayev Xarici İşlər Nazirliyində tutduğu postdan ermənilərlə əlaqələrinin aşkarlanmasına görə uzaqlaşdırılıb.

3 Avqust, 2011  21:38 Baxılıb: 1004

Bu bölmədə