Simsar.az | bizi özünüzə Simsar bilin
Qarabağlıların ən böyük təşkilatı

Dağlıq Qarabağın azərbaycanlı icmasının 75 mindən çox üzvü var

“Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin sayı 75 min nəfərdən çoxdur. Bunun 29 mindən çoxu Şuşa, 13 mini Xocalı, 11 mini Xocavənd, 15 mini Xankəndi şəhərindən məcburi köçkün düşmüş həmvətənlərimizdir.

Amma Ağdərə rayonu ləğv olunduğu üçün onun əhalisinin dəqiq sayı müəyyənləşdirilməyib. Bu yöndə də işlər davam etdirilir. Həmin əhali müxtəlif bölgələrdə məskunlaşıblar. Ümumiyyətlə, sayın dəqiq aparılması prosesi çox mürəkkəbdir və vaxt tələb edir”. APA-nın məlumatına görə, bu sözləri YAP-ın saytına müsahibəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O, icmanın üzvlərinin ölkənin demək olar ki, bütün rayonlarında məskunlaşdığını bildirib: “Təkcə, Şuşa rayonunun sakinləri 59 rayonda, 220 yaşayış məntəqəsində məskunlaşıb. Mən inanmıram ki, erməni icmasının sayı azərbaycanlılardan xeyli çox olsun. Bilirsiniz ki, bir müddət əvvəl bir qrup ziyalı Dağlıq Qarabağa səfər etmişdi. Orada müxtəlif görüşlər keçirildi, həm də müşahidələr aparıldı. Ümumi fikrim bundan ibarətdir ki, hazırda erməni mənbələrinin Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə bağlı məlumatları həqiqətdən tamamilə uzaqdır. Münaqişə başlayandan sonra Qarabağdan ermənilərin əksəriyyəti çıxıb gedib. Sonradan bu ərazilərə köçürülənləri nəzərə almasaq, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı o qədər də çox deyil. Çünki orada həyat səviyyəsi çox aşağıdır. Ermənistan rəhbərliyi bu insanlar üçün də böyük bəla olub. Ermənistanın apardığı siyasət bu insanları dolanışıq üçün xarici ölkələrə köç etməsinə məcbur edib. Bu mənada deyə bilərəm ki, hazırda Qarabağda yaşayan ermənilərin sayı xeyli azalıb”.

B. Səfərov əmin olduğunu bildirib ki, Dağlıq Qarabağda yaşayan sadə vətəndaşların əksəriyyəti işğal siyasətinin davam etməsində maraqlı deyil: “Onlar müxtəlif vasitələrlə, televiziya ilə, digər informasiya vasitələri ilə Azərbaycanda gedən inkişaf prosesindən xəbər tuturlar və həsəd aparırlar. Çünki bu inkişaf onlarda yoxdur. Əksinə, Ermənistanın iqtisadi durumu olduqca bərbad vəziyyətdədir və zaman bu ölkənin əleyhinə işləyir. Ona görə də, sadə erməni vətəndaşlarının əksəriyyəti Azərbaycanın iqtisadi imkanlarından, ölkəmizin zənginliyindən istifadə edib, bizimlə birgə yaşamaq istəyir”.

2 Avqust, 2011  20:54 Baxılıb: 1175

Bu bölmədə