Simsar.az | bizi özünüzə Simsar bilin
Ziyanlı dondurmalar məhv edildi

Onlarda bağırsaq çöpləri aşkar edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 409 ünvanında dondurma istehsalı ilə məşğul olan fiziki şəxs İlham Məmmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı anbarda olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Simsar. az saytına nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Alyeda” adlı dondurmalarada yağın kütlə payının və turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu aşkar edilmişdir.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1351 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən İlham Məmmədova icrası məcburi göstəriş verilmişdir.


Həmçinin İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “S.A.B.A. şirkəti” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilmədən dondurma istehsal olunması, dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin, habelə bu dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektinə icrası məcburi göstəriş verilib.
Bu müəssisədə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə mənbəyi olduğunu, həmçinin dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığını nəzərə alaraq, “S.A.B.A. şirkəti” MMC-yə dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılmışdır.



Anar

1 Avqust, 2011  20:55 Baxılıb: 1174

Bu bölmədə