Simsar.az | bizi özünüzə Simsar bilin
Rəqəmli TV-yə keçidin yolu açıldı

Tədbirlər Planı təsdiqlənib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib. Bu barədə məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşviq Əmirov verib.

O, qeyd edib ki, Tədbirlər Planında respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən ibarət “DVB-T” rəqəmli TV yayımının tətbiq ediləcəyi qeyd olunur.
Qeyd edək ki, 1 paketə 10-12 proqram daxildir. “Rəqəmli TV-nin optimal yayımı üçün tələb olunan vericilərin və digər avadanlıqların siyahısını hazırlamaq, siyahıya uyğun verici və digər avadanlıqların alınıb quraşdırılması üzrə iş qrafikinin hazırlanıb təsdiq edilməsi, rəqəmli TV vericiləri quraşdırılacaq radio-televiziya yayım stansiyalarında sahələrin müəyyənləşdirilməsi üçün müvafiq şöbə və müəssisələrə tapşırıq verilib”,-deyə M.Əmirov vurğulayıb. Onun sözlərinə görə, Tədbirlər Planına əsasən, rəqəmli TV yayımının keyfiyyətinə nəzarətin təşkili sisteminin qurulması nəzərdə tutulub. “Bundan başqa, rəqəmli TV yayımlarının qəbulu imkanlılığına malik televizorların ölkəyə gətirilməsinin təşkili üzrə aidiyyəti şirkətlərə müraciət ediləcək və müvafiq tədbirlər görüləcək. Rəqəmli TV yayımı üzrə yaradılacaq imkanlar, TV vericilərdən istifadə şərtləri və analoq TV vericilərinin 2012-ci ilin yanvar ayının 1-dən etibarən dayandırılacağını göstərməklə özəl teleradio yayımçılarına bu yaxınlarda müraciət ediləcək”,-deyə o, əlavə edib.

1 Avqust, 2011  17:58 Baxılıb: 1093

Bu bölmədə