Simsar.az | bizi özünüzə Simsar bilin
“Avrovision”a görə tədris vaxtının dəyişdirləcəyi xəbəri bir daha təkzib olundu

Təhsil Nazirliyi bu kimi məlumatları əsassız olduğunu açıqladı 

Təhsil Nazirliyi “Avrovision - 2012” müsabiqəsi ilə əlaqədar Azərbaycanda tədris vaxtının qabağa çəkiləcəyi haqda xəbərləri təsdiqləmir. Dəfələrlə başda nazir Misir Mərdanov olmaqla, nazirlik nümayəndələri bildiriblər ki, mahnı yarışmasına görə, tədris ilinin başlanma vaxtına heç bir dəyişiklik edilməyəcək.

Qeyd edək ki, bəzi televiziya kanallarında və mətbuat orqanlarında “Avrovision - 2012” mahnı müsabiqəsinə hazırlıqla əlaqədar 2011-ci ildə Azərbaycanda dərslərin sentyabrın 15-də deyil, 1-də başlayacağı barədə xəbərlər yayılıb. Məlumatlarda bu belə izah olunur ki, dərslər qabağa çəkiləndə tədris ili tez başa çatacaq, bu da may ayında Bakıda keçiriləcək “Avrovision” yarışmasında təhlükəsizlik tədbirlərini asanlaşdıracaq.

Qeyd edək ki, müsabiqənin Azərbaycanda keçirilmə vaxtı da bəllidir: mayın 22-si və 24-ü yarışmanın yarımfinal, 26-da isə final mərhələsinin keçirilməsi qərara alınıb.

Bu günlərdə Təhsil Nazirliyi mətbuat xidmətinin əməkdaşı Billurə Cavadlı bir daha bəyan edib ki, 2011/2012-ci tədris ilinin vaxtını dəyişməklə bağlı nazirlikdə hər hansı müzakirə aparılmayıb: “Televiziya kanallarında və bəzi mətbuat orqanlarında yeni dərs ilinin sentyabrın 15-dən 1-nə keçirilməsi ilə bağlı yayımlanan xəbərlər düzgün deyil. Ola bilsin ki, belə bir mövzu ictimai müzakirəyə çıxarılıb, amma məsələ nazirlik səviyyəsində müzakirə mövzusu deyil”.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a bir daha bildirildi ki, yeni tədris ili həmişə olduğu kimi sentyabrın 15-də başlayacaq.

FUAD

27 İyul, 2011  17:49 Baxılıb: 1344

Bu bölmədə