Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident bir səfiri yola saldı, birini qəbul etdi

Rumıniyanın səfiri getdi, Pakistanın səfiri gəldi

Azərbaycan pezidenti İlham Əliyev iyulun 18-də Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Simsar.az-ın prezidentin saytına istinadən bildirir ki, Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin inkişafından danışan səfir Nikolae Ureke bu münasibətlərin genişlənməsində dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planının önəmini vurğulayıb. Rumıniyalı diplomat prezidenti İlham Əliyev ilə prezidenti Trayan Besesku arasındakı yaxın dostluq əlaqələrinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını deyib. Nikolae Ureke ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əlaqələrin sürətlə inkişaf etdiyini söyləyib, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Səfir Nikolae Urekenin qarşılıqlı münasibətlərin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirən İlham Əliyev onun Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində fəaliyyətini xüsusi qeyd edib.

Dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsinə dair sənədin əhəmiyyətini vurğulayan prezident İlham Əliyev ikitərəfli əlaqələrin qarşılıqlı maraqlara əsaslandığını bildirib, səfirə gələcək fəaliyyətində uğurlar diləyib.

Bu gün həmçinin Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarın etimadnaməsini qəbul edib.

Simsar.az-ın prezidentin saytına istinadən bildirir ki, səfir fəxri qarovul dəstəsinin önündən keçib. İnayatullah Kakar etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra İlham Əliyev səfirlə söhbət edib, Azərbaycanla Pakistanın yaxın və dost ölkələr olduğunu vurğulayıb, ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu deyib. İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən dövlət başçısı bütün beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsinin önəmindən danışıb, Azərbaycanla Pakistan arasında siyasi əlaqələri daha da möhkəmləndirməyin vacibliyini xatırladıb, iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı potensialın olduğunu bildirib.

Prezident İlham Əliyev İnayatullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini söyləyib və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir İnayatullah Kakar Pakistan İslam Respublikası rəhbərliyinin salamlarını Azərbaycan dövlətinin başçısına çatdırıb. O, ikitərəfli əlqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayaraq, iqtisadi əlaqələrin inkişafı üçün də geniş imkanların olduğunu deyib.

Pakistanlı diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı Pakistan İslam Respublikası rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın dövlət rəhbərlərinə çatdırmağı xahiş edib.

18 İyul, 2011  22:26 Baxılıb: 956

Bu bölmədə