Simsar.az | bizi özünüzə Simsar bilin
Əli İnsanov Ədliyyə Nazirliyini məhkəməyə verir

Sabiq nazir Elçin Behbudovla görüşə bilməməsinə etiraz edir

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov Ədliyyə Nazirliyini məhkəməyə verib. “Reytinq” qəzetinin yazdığına görə, buna səbəb sabiq nazirin cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində dözülməz şəraitdə saxlanılması, işgəncələrə məruz qalması və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun orada monitorinq aparmasına imkan verilməməsi göstərilir.

Qəzetin yazdığına görə, bu barədə onlara 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Əli İnsanovun Ədliyyə Nazirliyinə qarşı iddiası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində icraata qəbul olunub və iş hakim Qurban Abbasovun sədrliyi ilə araşdırılır: “Hakim iş üzrə iyulun 12-si, saat 11:40-a prosesi təyin etsə də, həmin gün sabiq nazirin iddiası üzrə qətnamə çıxarmayıb. Hakim də Əli İnsanovun iddia tələbləri üzrə qərarını, yəqin ki, qarşıdakı həftələrdə elan edəcək”.
Qəzet yazır ki, bu məlumatları Əli İnsanova yaxın mənbələr də təsdiqləyib. Sabiq nazirə yaxın şəxslərdən biri “Reytinq”ə deyib ki, onu dözülməz şəraitdə saxlamaqla işgəncəyə məruz qoyublar: “Əli İnsanov da ona verilən işgəncələrlə, həmçinin saxlanma şəraiti ilə bağlı dəfələrlə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun monitorinq aparması üçün 13 saylı cəzaçəkmə müəssisəsinə gəlməsini xahiş edib. Lakin Ədliyyə Nazirliyi Elçin Behbudovun cəzaçəkmə müəssisəsində monitorinq aparmasına icazə verməyib. Bu, may ayında idi. Əli müəllim buna görə Ədliyyə Nazirliyini məhkəməyə verdi”.
Məsələ ilə bağlı Elçin Behbudovla əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlamasında bu məsələlərdən xəbərdar olduğunu dedi: “Əli İnsanovun vəkili Ağaveyis müəllim mənə müraciət edərək bildirdi ki, sabiq nazir mənimlə görüşmək istəyir. Penitensiar Xidmətin rəisi Mədət Quliyev mənim dostumdur, onun gördüyü işləri müsbət qiymətləndirirəm. Amma əfsuslar olsun ki, cəzaçəkmə müəssisələrinə daxil olmağıma Ədliyyə Nazirliyi tərəfindən qadağa qoyulub. Bu qadağa onları haqlı tənqid etdiyimə görədir. Buna görə də mənim Əli İnsanovla görüşməyimə də imkan vermirlər. Ancaq məndə olan məlumata görə, bir nəfər Ədliyyə Nazirliyindən məhkəməyə gələrək yalan ifadə verib ki, guya cəzaçəkmə müəssisələrinin qapısı Elçin Behbudovun üzünə açıqdır və ora gedə bilər. Bu, əvvəllər olub. Əgər İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbərini cəzaçəkmə müəssisələrinə buraxmırlarsa, bu, onu bir daha təsdiqləyir ki, işgəncə faktları gizlədilir. Mən bunu pisləyirəm”.

18 İyul, 2011  17:56 Baxılıb: 1264

Bu bölmədə