Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev: “Ermənistanın son hərəkətləri başa düşülməzdir”

“Ermənistan 20 ildir, “status-kvo”nun dəyişdirilməsini istəmir”

“ATƏT-in Minsk qrupuna həmsədr ölkələrinin dövlət başçılarının son bəyanatı ümidvericidir. Bu bəyanatda Helsinki Yekun aktı əsas götürülüb və “status-kvo”nun dəyişdirilməsi xüsusilə vurğulanıb. Belə olan halda isə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Üçüncü mühüm faktor isə həmsədr ölkələrin münaqişənin həlli ilə bağlı fəallıqlarını artırmasıdır”.



APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib.


Dövlət başçısı Ermənistanın 20 ildir, “status-kvo”nun dəyişdirilməsini istəmədiyini bildirib.


Dağlıq Qarabağ münaqişənin Praqa, sonra isə Madrid prinsipləri üzrə nizamlanması ilə bağlı danışıqların aparıldığını deyən dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədrləri hər iki tərəfə yenilənmiş Madrid prinsiplərini 2009-cu ildə təqdim edib. O, Rusiya prezidentinin təşəbbüsü ilə baş tutan Soçi görüşündə Azərbaycan birmənalı olaraq bu prinsipləri qəbul etdiyini bildirib: “Ermənistan isə müxtəlif vasitələrlə bu prinsiplərin qəbulundan imtina edir”.
Madrid prinsiplərinin mahiyyəti barədə məlumat verən dövlət başçısı indi yeni vəziyyətin yarandığını, Azərbaycanın isə yenə də konstruktivlik göstərdiyini diqqətə çatdırıb.


Prezident onu da deyib ki, bütün dünyanın, Avropa qurumlarının, xüsusilə də həmsədr ölkələrin bu məsələyə münasibətinə baxmayaraq, Ermənistanın son günlərdəki hərəkətləri başa düşülməzdir.


“Son illərdə beynəlxalq birliyin fəallaşmasının əsas səbəblərindən biri də güclü Azərbaycan dövlətinin və ordusunun mövcudluğudur” deyən prezident Azərbaycanın bu məsələnin tezliklə həllində daha çox maraqlı olduğunu bildirib.

13 İyul, 2011  01:22 Baxılıb: 1037

Bu bölmədə