Simsar.az | bizi özünüzə Simsar bilin
DƏMİRYOLUNUN MÜASİRLƏŞDİRİLMƏSİ HAQQINDA ƏMR İMZALANIB

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb

QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, əmrdə bildirilir ki, dövlət başçısının təsdiqlədiyi proqrama uyğun olaraq hazırda «Azərbaycan Dəmir Yolları» QSC-də vaqon və lokomotiv parkının yeniləşdirilməsi, dəmir yolunun elektrik təchizatı sisteminin təkmilləşdirilməsi, dəyişən cərəyanla işləyən lokomotivlərin alınması, işarəvermə, mərkəzləşmə və s. sistemlərin müasirləşdirilməsinə başlanıb.

Eləcə də Bakı-Böyük Kəsik istiqamətində 317 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib. İndi isə dəmir yolunun bütün sahələrinin modernizasiyası, müasirləşdirilməsi, təsərrüfatlarda maddi-texniki bazanın yaradılması istiqamətində işlər planlaşdırılır. Bu işlərin həcminin müəyyən edilməsi üçün QSC-nin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə texniki-iqtisadi komissiya yaradılıb.

Hazırda komissiya tərəfindən dəmir yollunun müasirləşdirilməsi istiqamətində bütün sahələri əhatə edən Tədbirlər Proqramı hazırlanır. «Azərbaycan Dəmir Yolları» QSC-nin departament, birlik, xidmət, MMC və şöbələrinə, eyni zamanda xətt boyu yerləşən idarə, təşkilat və müəssisələrin rəhbərlərinə tapşırılıb ki, dəmir yolunun bütün sahələrinin modernizasiyası, müasirləşdirilməsi, təsərrüfatlarda maddi-texniki bazanın yaradılması istiqamətində rəy və təkliflərini “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin texniki inkişaf şöbəsinə təqdim etsinlər.

12 İyul, 2011  22:23 Baxılıb: 1065

Bu bölmədə