Simsar.az | bizi özünüzə Simsar bilin
Fuad Muradovun seçiciləri Milli Məclisə gəldi – FOTOSESSİYA

Deputat gördüyü işlərlə onlara məlumat verdi

Dövlət Bayrağı Meydanı ətrafında aparılan quruculuq işləri ilə əlaqədar dövlət ehtiyacları məqsədilə ətraf ərazilərdə yerləşən binaların sakinlərinin köçürülməsi məsələsi meydana çıxıb. Sakinlərlə iş icraçıları arasında bir sıra problemlər yaranıb. 

Simsar.az-a daxil olan məlumata görə, bu məqsədlə sakinlər Səbail rayonundan deputat seçilən Fuad Muradova müraciət ediblər. Seçicilərinin müraciətinə əsasən 28 iyun 2011-ci il tarixində deputat onlarla yaşadıqları ərazidə görüşüb. Sakinlər deputata bir neçə məsələ ilə bağlı müraciət ediblər. Sakinlərin əsas problemi söküləcək mənzillərin hansı meyarlarla ölçülməsi, kiçik sahəli mənzil sahiblərinin mənzil hüquqlarının təmini, kompensasiyalar və s. olub.

Deputat sakinlərin fikirlərini və təkliflərini dinləyib və bununla bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını deyib.

Bu gün Fuad Muradov Milli Məclisdə həmin sakinlərin bir qrupu ilə yenidən görüş keçirib. Görüş zamanı deputat apardığı bir sıra danışıqların nəticələrini seçiciləri ilə müzakirə edərək məsələnin müsbət istiqamətdə həll olunacağını vurğulayıb. Razılaşdırılmayan bir sıra məsələlər ətrafında yenidən məsələ qaldıracağını bildirib.

Deputat Fuad Muradovla bağlı “Yeni Müsavat” qəzeti ötən sayında tənqidi məqalə dərc edib. Həmin yazıda qeyd olunur ki, 20-ci sahədə yaşayan sakinlər, konkret olaraq Arif İsmayılov küçəsinin sakinləri susuz qalıb. Sakinlər bununla bağlı “Azərsu” ASC-yə və onların hazırkı deputatı Fuad Muradova müraciət etdiklərini bildiriblər, ancaq problem hələ də öz həllini tapmayıb.

Deputatın köməkçisi sakinlərin etirazlarının fakta söykənmədiyini əsas gətirərək, qəzetdə gedən yazını təkzib edib. Heydər Atayev qəzetin redaksiyasına zəng edərək, deyib ki, su problemi ilə bağlı Nemanzadə, Muxtarov küçələrinin və Badamdar qəsəbəsinin sakinləri bu yaxınlarda onlara müraciət edib: “Problemi Fuad müəllimin çatdırdım. Bundan sonra aidiyyəti qurumla əlaqə saxlanıldı və problem həllini tapdı. Artıq həmin sakinlər zəng etmir. Ona görə də Fuad Muradov sakinlərin problemləri ilə maraqlanmır deyəndə bir az haqsızlıq kimi çıxır”.

Aynurə Həsənova

1 İyul, 2011  23:29 Baxılıb: 1466

Bu bölmədə