Simsar.az | bizi özünüzə Simsar bilin
Arif Hacılı zaminə buraxılmayacaq

Müsavat yetkilisinə məktubla cavab verildi

İctimai Palatanın “2 aprel mitinqi” ilə bağlı Bakı Şəhər Prokurorluğu yanında yaradılmış istintaq qrupu Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının müdafiəsinə yönəlmiş vəsatətlərdən bəzilərini təmin edib. 


Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, qaldırdıqları vəsatətlərin cavabları bu gün poçt vasitəsilə müdafiə tərəfinə çatdırılıb.


Ə.Mustafayev Arif Hacılının səhhətini nəzərə alaraq, barəsində seçilmiş həbs-qətimkan tədbirinin digər qətimkan tədbirləri ilə dəyişdirilməsi ilə bağlı qaldırdıqları vəsatəti rədd edilib. Cavabda qeyd olunub ki, zəruri olacağı təqdirdə, Arif Hacılı Penitensiar Xidmətin müalicə müəssisəsinə göndərilə bilər.


Başqa bir vəsatətdə müdafiə tərəfi İctimai Palatanın “2 aprel mitinqi”nin qəbul olunmuş qətnaməsini istintaqa təqdim edib və bunun cinayət işinə tikilməsini istəyib. Bu vəsatət isə təmin olunub və qətnamə işə tikilib. Müdafiə tərəfi foto, video görüntülərdən ibarət disk, mitinqin gedişatından bəhs edən mətbuatdan çıxarışları da istintaqa təqdim edib. Müdafiə tərəfi həmin faktlara baxılmasını və hər hansı qanun pozuntusunun olub-olmamasının araşdırılmasını istəyib. Bu vəsatət də qismən təmin olunub və bildirilib ki, qoyulan suallar üzrə araşdırma aparılacaq.


Xatırladaq ki, Arif Hacılı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur.

29 İyun, 2011  21:07 Baxılıb: 1207

Bu bölmədə