Simsar.az | bizi özünüzə Simsar bilin
MƏŞHUR HOLLİVUD ULDUZLARI TÜRKİYƏDƏDİR

Maykl Duqlas və Ketrin Zeta-Cons bodrumluları heyrətə saldılar

Məşhur amerikalı kinoaktyorlar Maykl Duqlas və Ketrin Zeta-Cons Türkiyənin Bodrum şəhərində səfər ediblər. Türkiyə mətbuatının verdiyi məlumata görə, Hollivudun məşhur ulduzlarından və prodüserlərindən olan 67 yaşlı 2 uşaq atası Maykl Duqlas və həyat yoldaşı 42 yaşlı Ketrin Zeta-Cons dostları ilə birlikdə Yunanıstanın Sömbeki (Simi) adasından 60 metr uzunluğunda, 12 metr genişliyində və həftəliyi 345 min avroya kirayəyə götürülən "Mary Jean 2" adlı ingilis bayraqlı lüks yaxta ilə bazar axşamı Bodruma gəliblər.

Saat 20:00 radələrində yaxtalarından çıxan Maykl Duglas və həyat yoldaşı Ketrin Zeta-Cons yoldaşları ilə bərabər Bodrumun dünyada məşhur barlar küçəsində gəzişiblər. Ulduzlar xalça mağazalarını gəzdikdən sonra bir balıq restoranda yemək yeyiblər.

Saat 23:00 radələrində Bodrum limanını əhatə edən Neyzen Tevfik Caddesində əl-ələ gəzən Duqlas və gözəlliyi ilə diqqət çəkən Zeta-Consu görən hər kəs təəccüblənib. İki məşhur Hollivud ulduzunu qarşılarında görənlər çaşqınlıq keçirib. Adamlar sürətli addımlarla yeriyərək yaxtaya dönməyə çalışan məşhur amerikalı cütlüklə fotoşəkil çəkdirməyə çalışıb.

28 İyun, 2011  23:27 Baxılıb: 3170

Bu bölmədə