Simsar.az | bizi özünüzə Simsar bilin
ELMAR MƏMMƏDYAROV İKT ÜZV ÖLKƏLƏRİNƏ MÜRACİƏT EDİB

Azərbaycanın işğal altında qalan ərazisində İslam irsindən olan minlərlə mədəni və tarixi abidələri məhv edilib

Azərbaycanın işğal altında qalan ərazisində İslam irsindən olan minlərlə mədəni və tarixi abidələri məhv edilib və talan olunub. Bunu xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlığı Təşkilatının (keçmiş İKT) Xarici İşlər Nazirləri Şurasının Astanada keçirilən 38-ci sessiyasında çıxışı zamanı deyib.

"İslam dünyasına və İKT-nin baş katibinə Azərbaycanın iyirmi faiz ərazisinin Ermənistanın işğalı altında qalması ilə nəticələnən və Ermənistanla davam edən silahlı münaqişədə Azərbaycana göstərdikləri güclü dəstəyə görə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim. Etnik təmizləmə nəticəsində təxminən bir milyon azərbaycanlı öz torpaqlarından qovulub, həmçinin İslam irsindən olan minlərlə Azərbaycan mədəni və tarixi abidələri məhv edilib və talan olunub", - Məmmədyarov əlavə edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Nazirin sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə, müvafiq BMT Təhlükəsizlik Şurası və İKT qətnamələrinin yerinə yetirilməsinə, həmçinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və Avropa Parlamenti tərəfindən qəbul edilmiş müvafiq sənədlərə və qərarlara hörmətlə əsaslanaraq, uzadılmış münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiq qalır.

"Bütün bu sənədlər yekdilliklə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistana mənim ölkəmin işğal edilmiş torpaqlarından qoşunlarını geri çəkmək, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasına dair güclü çağırışlardan ibarətdir", - Məmmədyarov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

28 İyun, 2011  21:51 Baxılıb: 975

Bu bölmədə