Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə parlament böhranı

Bu gün parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk iclası keçiriləcək.

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, TBMM-nin ilk iclasında böhran yaşanacağı gözlənilir. Məsələ bundadır ki, bu iclasda deputatlar fəaliyyətə başlamaq üçün and içməlidirlər. Ancaq BDP PKK terror təşkilatını təbliğ etdiyi üçün məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilən və deputat mandatını itirən Hatip Dicle ilə bağlı parlamentin işini boykot etməyə qərar verib. Digər tərəfdən, ana müxalifət partiyası olan CHP-nin partiya siyahısı ilə deputat seçilən, hazırda “Ergenokon” işi ilə bağlı saxlanılan Cümhuriyyət qəzetinin baş yazarı Mustafa Balbay və məşhur cərrah Mehmet Haberalın azadlığa buraxılmaması ilə bağlı parlamentin iclasında qatılmaması ehtimalı var. 

CHP-nin deputatlarının iclasa qatılsalar da, and içməmələri ehtimalı da gündəmdədir. Bununla bağlı bu gün partiyanın Mərkəzi İdarə Heyəti son qərarı verəcək. Hazırda Mərkəzi İdarə Heyətinin iclası gedir. CHP sədri Kemal Kılıcdaroğlu isə “Milliyet” qəzetinə açıqlamasında deyib ki, məhkəmələr siyasiləşib və baş nazir Rəcəb Tayyib Ərdoğan Mustafa Balbayla Mehmet Haberlın azadlığa buraxılacağına, onların deputat kimi fəaliyyət göstərəcəyinə söz versə, CHP parlamentin işinə qatılacaq və partiyanın deputatları and içəcəklər.

CHP-nin sabiq sədri Dəniz Baykal isə bildirib ki, əgər Mustafa Balbay və Mehmet Haberalla bağlı məsələ həllini tapmazsa, partiyanın qərarından asılı olmayaraq o, deputat kimi fəaliyyətə başlaması ilə əlaqədar and içməyəcək: “Mən CHP-nin parlamentə getməyəcəyini düşünürəm. Bu, qaçılmazdır”.

MHP isə əfsanəvi komandir, general Engin Alan azadlığa buraxılmasa da, parlamentin işində iştirak edəcək. MHP sədri Dövlət Bağçalı hər kəsi məsuliyyətli olmağa çağırıb.
Türkiyənin baş naziri, parlamentdə çoxluğa sahib AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan da son sözünü dilə gətirib. Rəcəb Tayyib Ərdoğan BDP-nin Hatip Diclenin deputat ola bilməyəcəyini bilə-bilə onun namizədliyini irəli sürməkdə günahlandırıb. O qeyd edib ki, bütün problemlər parlament çərçivəsində həllini tapmalıdır.

28 İyun, 2011  18:49 Baxılıb: 1073

Bu bölmədə