Simsar.az | bizi özünüzə Simsar bilin
ELMAR MƏMMƏDYAROV KAZAN GÖRÜŞÜNÜ ŞƏRH ETDİ

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv işləmək fikrindədirlər - Azərbaycanın XİN rəhbəri

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərini Kazan görüşü bu formatda keçirilən ən uzun görüş oldu. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Kazan görüşünü şərh edərkən Trend-ə bildirib.

"Münaqişənin nizamlanması üzrə irəliləyişin əldə olunması yolunda əngəl olan problemli məsələlərin müzakirəsi keçirildi. Təəssüf ki, bəzi prinsipial məsələlərdə biz hələlik kompromis həll tapa bilmədik, çünki erməni tərəfi yeddi il bundan əvvəl başlamış danışıqlar prosesinin mahiyyətini təhrif edərək Azərbaycandan maksimum güzəşt tələb edir", - nazir deyib.
Onun sözlərinə görə, bununla yanaşı prezidentlər mövqelərin yaxınlaşdığı nöqtəni tapmağı davam etdirmək barədə razılığa gəliblər.

Prezidentlərin Kazandakı görüşündən sonra Ermənistan XİN-in verdiyi bəyanata dair suala cavab verən Məmmədyarov deyib ki, faktların və sənədlərin yenidən araşdırılması gedir. "Çünki Azərbaycan 2009-cu ildə Afinada ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəsmən təqdim etdikləri yenilənmiş Madrid sənədini qəvul etdiyini bəyan edərkən erməni tərəfi susmuşdu və Ermənistan yenilənmiş Madrid sənədinin əsaslandığı işçi sənədin bir çox versiyalarının birindən danışır.

Mən Ermənistan XİN-ə tövsiyə etmək istərdim ki, piarla məşğul olmasınlar, Minsk Qrupu həmsədr ölkələrin liderlərinin çağırdıqları yaranmış neqativ status-kvonun dəyişdirilməsi üzərində intensiv işləsinlər.

Prezidentlərin görüşünün yekunları üzrə məndə elə bir təəssürat yarandı ki, onlar bu istiqamətdə intensiv işləmək fikrindədirlər", - Azərbaycanın xarici işlər naziri deyib.

26 İyun, 2011  03:55 Baxılıb: 1011

Bu bölmədə