Simsar.az | bizi özünüzə Simsar bilin
Nalbandyan Qarabağ danışıqlarının sirrini açır

“Azərbaycan tərəfi ona yaxın dəyişiklik təklif etdi”

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan açıqlamanın mətnində bildirilir ki, E.Nalbandyan Ermənistan prezidenti Serj Sarkisyanın Strasburqda səsləndirdiyi “Azərbaycan yeni dəyişikliklər təklif etməsə, Kazan görüşündən müsbət nəticələr və dönüş gözləmək olar” bəyanatını xatırladıb: “Dovildə həmsədr ölkələr prezidentləri Kazanda razılıq əldə etməyə çağırdılar. ABŞ prezidenti Barak Obama hər iki ölkənin başçısı ilə telefon danışığında analoji çağırış etdi. Həmçinin Fransa prezidenti Nikola Sarkozi prezidentlərə məktub göndərdi. Amma Azərbaycan tərəfi ona yaxın dəyişiklik təklif etdi ki, bu da Kazan görüşünün həlledici olmamasına gətirib çıxardı”.

Ermənistanın XİN başçısı Kazan görüşünün son 3 ildə 12-ci olduğunu xatırladıb: “Azərbaycanın Son bir ildə Azərbaycan artıq dördüncü dəfədir ki, yeni təklif və dəyişikliklərlə çıxış edir. Bu ssenari reallıqdır”.

E.Nalbandyan sülh danışıqlarının davam edəcəyini bildirib: “Çünki münaqişənin başqa həll yolu yoxdur. Yalnız sülh yolu, danışıqlar vasitəsilə münaqişəni həll etmək mümkündür. İstənilən halda Kazan görüşü detallı müzakirələrin aparılması baxımından faydalı idi. Son üç ildə bu prosesə böyük töhfələr vermiş prezident Dmitri Medvedevin prinsiplərin razılaşdırılması və yekun razılığın əldə olunması üçün səylərini davam etdirməyə hazır olduğunu bəyan etməsi isə daha vacib idi”.

25 İyun, 2011  17:16 Baxılıb: 1031

Bu bölmədə