Simsar.az | bizi özünüzə Simsar bilin
ƏLİ HƏSƏNOV BEYNƏLXALQ TƏŞKİLATLARI İTTİHAM EDİB

Ermənistan Azərbaycana, Gürcüstana, Türkiyəyə, hətta Rusiyanın Krasnodar vilayətinə iddia edir”

“Beynəlxalq qurumların 20 ildir, Ermənistan - Azərbaycan münaqişəsinin həllində iştirak etmələrinə baxmayaraq, heç bir nəticə yoxdur. Səbəb isə Ermənistan dövlətinin, ona rəhbərlik edənlərin qeyri-konstruktiv mövqeyidir. Dünya dövlətləri və beynəlxalq təşkilatlar buna göz yumur. Ermənistan rəhbərliyinə gözün üstdə qaşın var deyən yoxdur”. 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çıxışında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Beynəlxalq humanitar təşkilatların nümayəndələrinin, həmçinin bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlərinin iştirak etdiyi, 20 İyun – Beynəlxalq Qaçqınlar gününə həsr olunmuş tədbirdə çıxış edən Ə. Həsənov bildirib ki, Ermənistan BMT qətnamələrini icra etməsə də, buna görə bu dövlətə güldən ağır söz deyən yoxdur: “Buna bəzən ikili standart deyirlər. Bu, ikili standart deyil, dünya dövlətlərinin ikili yanaşmasıdır. Günahımız nədir - müsəlman olmaq? Ermənistan dövləti və rəhbərliyi diyetik xəstəliyə tutulub. Ermənistan Azərbaycana, Gürcüstana, Türkiyəyə, hətta Rusiyanın Krasnodar vilayətinə iddia edir. Bir gün Fransa və Kaliforniyaya da iddia da edəcəklər. Onda dünya ayılacaq”.

Baş nazirin müavini Ermənistan rəhbərliyinin bu gün öz xalqını səfalətə düçar etdiyini, son illərdə 1,5 milyon insanın bu ölkəni tərk etdiyini deyib.

Ə. Həsənov daha sonra bildirib ki, Azərbaycan problemi həll edəcək, itirən isə Ermənistan olacaq: “Azərbaycan qoşulduğu bütün konvensiyalara və sazişlərə əməl edir. Ermənistan isə buna riayət etməsə də, beynəlxalq təşkilatlar buna göz yumur. Səbəb nədir, açıq desinlər, Ermənistanın nəyinə vurulublar? Biz bilirik erməni diasporundan çəkinirlər. ABŞ-da, Fransada seçkilərə erməni diasporu təsir edir. Onda nə üçün bizə insan hüquqlarından danışırlar? Bəs bizim insanların hüquqları yoxdur? Bu gün regionları nəzarətdə saxlamaq, təbii sərvətlərə sahib olmaq üçün yeni münaqişələr yaradırlar. Bunun sonu olacaq, Allah bunları görür”.

21 İyun, 2011  03:19 Baxılıb: 964

Bu bölmədə