Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCANDA YOL POLİSLƏRİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Azərbaycanda korrupsiya hüquqpozmasına görə yol polisləri xidmətdən azad edilib

Daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub. Bu barədə bazar ertəsi Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmçinin tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 tağım komandiri tutduğu vəzifədən azad edilib, həmin alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb.

"Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında verilmiş tapşırıqlarla əlaqədar cari il yanvarın 29-da Daxili İşlər Nazirliyində tədbirlər planı hazırlanaraq müvafiq göstərişlə icraya yönəldilib, habelə 2011-ci il fevralın 7-də keçirilmiş naziryanı əməliyyat müşavirəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi haqda konkret tapşırıqlar verilib. Bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər keçirilməsinə, müsbət nəticələrin əldə olunmasına baxmayaraq, təəssüf ki, mövcud nöqsanlar tam aradan qaldırılmayıb və korrupsiya hüquqpozmalarına meyilli polis əməkdaşlarına hələ də rast gəlinir", - DİN-in məlumatında deyilir.

21 İyun, 2011  02:37 Baxılıb: 1061

Bu bölmədə