Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN DİN İRAN KİV-LƏRİNİN YAYDIĞI MƏLUMATI TƏKZİB EDİB

İyunun 16-17-də İranın Bəndər Ənzəli şəhərində Xəzər dənizi hövzəsi ölkələrinin ekspertlərinin narkotiklərlə mübarizə məsələlərinə dair ikinci görüşü keçirilib

Tədbirdə Azərbaycanı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə polis general-mayoru Həzi Aslanov çıxış edərək Azərbaycanda son illər narkomaniya, narkotik vasitələrin və onların prekursorlarına qarşı mübarizənin dövlət səviyyəsində aparıldığını, bununla əlaqədar artıq 2007-2012-ci illəri əhatə edən və sayca üçüncü olan dövlət proqramının da uğurla həyata keçirildiyini, bu prosesə müvafiq dövlət qurumları ilə yanaşı, cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin, o cümlədən qeyri-hökumət təşkilatlarının da fəal şəkildə cəlb olunduğunu bildirib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov öz çıxışında, həmçinin, narkotiklərin qanunsuz dövriyyəsinin transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorizmin əsas maliyyə mənbələrindən biri olduğunu, bu problemin qlobal miqyas aldığını xatırladaraq tədbir iştirakçılarının diqqətini Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonumuzu işğal etməsi nəticəsində ölkəmizin İranla 132 kilometrlik sərhəd hissəsinə faktiki nəzarəti itirməsinə, buna görə də göstərilən ərazi vasitəsilə narkotik vasitələrin daşınmasına qarşı adekvat tədbirlərin görülməsinin mümkün olmadığına və belə bir şəraitin cinayətkar qruplar üçün həmin ərazilərdə narkotik tərkibli bitkilərin əkilməsi, narkotik vasitələrin istehsalı və sonradan digər ölkələrə tranziti üçün münbit şərait yaratmasına yönəldib.

Lakin bəzi KİV-lər İranın yarımrəsmi "Fars" agentliyinin adıçəkilən toplantı barədə verdiyi xəbərə istinadən belə bir məlumat yayıblar ki, guya həmin müşavirədə çıxışı zamanı Azərbaycan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov ABŞ-ın ünvanına şok ittihamlar səsləndirərək bu ölkənin dünyada narkotik ticarətini himayə edən əsas güc olduğunu və Birləşmiş Ştatların bir çox yüksək rütbəli dövlət rəsmilərinin narkotik ticarətini himayə etdiyini qeyd edib.

"Rəsmi şəkildə bildiririk ki, polis general-mayoru Həzi Aslanov nə tədbirdəki çıxışında, nə də iddia olunduğu kimi toplantının mətbuata qapalı hissəsində, ümumiyyətlə, ABŞ-ın ünvanına heç bir fikir səsləndirməyib. Bununla əlaqədar bəzi mətbuat orqanlarında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin adından getmiş həmin təxribat xarakterli, iki dost və strateji müttəfiq olan Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyan fikirləri qəti şəkildə təkzib edirik. Və təəssüf edirik ki, yarımrəsmi olduğu bildirilən "Fars" informasiya agentliyi belə həqiqətdən uzaq, qərəzli və böhtan xarakterli məlumatlar yaymaqla, eyni zamanda, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı mövcud mehriban qonşuluq və dostluq siyasəti ilə uzlaşmayan bir mövqe nümayiş etdirib", - DİN-in məlumatında deyilir.

20 İyun, 2011  23:14 Baxılıb: 903

Bu bölmədə