Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Kərimin oğlu təcridxanaya köçürülüb

Orxan Kərimov Cinayət Məcəlləsinin 308 və 311-ci maddələrilə ittiham olunur

İyunun 6-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanan Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun vəkili Ramiz Məmmədov “Media forum” saytına deyib ki, müvəkkili hazırda Bakı İstintaq Təcridxanasında(BİT) saxlanılır. İstintaq onu vəzifədən sui-istifadədə və rüşvət almaqda ittiham edir: “Onun barəsində Cinayət Məcəlləsinin 308 və 311-ci maddələri ilə iş açılıb. Orxan Kərimov özünü günahkar bilmir. Mənim iştirakımla dindirmə olub. Orxan Kərimov yalnız onu dedi ki, özünü günahkar bilmir və ifadə verməkdən imtina etdi”. 

Ramiz Məmmədov bildirib ki, müdafiə etdiyi şəxslə tez-tez görüşür və saxlanma şəraitindən narazılığı yoxdur: “Amma Orxan Kərimovun səhhətində ciddi problemlər var. 2009-cu ildə ağır ürək əməliyyatı keçirib, ürəyinə stend qoyulub. Həbsxana şəraiti onun üçün çox ağırdır. Orxan Kərimov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət verdik. Lakin şikayət təmin olunmadı”.
Ramiz Məmmədov bildirib ki, iş üzrə daha iki nəfər həbs olunub - Rafiq Hüseynov və onun qardaşı Ramiz Hüseynov.
Qeyd edək ki, Rafiq Hüseynovla Orxan Kərimovun həbsi ilə nəticələnən məlum əməliyyat Təhsil Nazirliyinin bu il may ayının əvvəllərində aidiyyəti dövlət qurumlarına etdiyi müraciətdən sonra baş tutub.

18 İyun, 2011  17:45 Baxılıb: 1405

Bu bölmədə