Simsar.az | bizi özünüzə Simsar bilin
“Tərəfdarın varsa, get mitinqi lap Ərdəbildə keçir”

Siyavuş Novruzov: “Müxalifət Şıx çimərliyində çimə də bilərlər”

Hakim Yeni Azərbaycan Partiyasından müxalif İctimai Palatanın iyunun 19-da Bakının “Nərimanov” kinoteatrının qarşısında sanksiyalaşdırılmamış mitinq keçirmək qərarına münasibət bildirilib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında deyib ki, İctimai Palata iyunun 19-da heç nəyə nail ola bilməyəcək: “Üç-dörd adam aksiya keçirməyə cəhd göstərəcək və bununla da hər şeyi yekunlaşdıracaqlar. Hər zaman olduğu kimi iyunun 19-da da polis qanunun keşiyində dayanacaq və Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi yerdə qanunsuz aksiyanın keçirilməsinin qarşısı qətiyyətlə alınacaq”. 


YAP rəsmisi hesab edir ki, İctimai Palata məqsədli şəkildə Bakı Şəhər İcra Hakimiyyətinin razılıq vermədiyi yerdə mitinq keçirməyə cəhd edir: “Razılıq verilən yerdə aksiya keçirmək istəmirlər. Elə yer seçirlər ki, orada qarşıdurma yaratsınlar. Bunun da əsas səbəbi odur ki, həmin insanların sosial bazası yoxdur. Adama deyərlər ki, əgər sənin tərəfdarın varsa, get mitinqi lap Ərdəbildə keçir, harada olmasından asılı olmayaraq tərəfdarın ora gələcək.

Tərəfdarları olmadığına görə mitinqi şəhərin mərkəzinə, insanların sıx toplaşdıqları yerlərə təyin edirlər. İstəyirlər ki, yoldan keçənin, dərədən ötənin, mağazaya gedənlərin şəkilini çəkdirib CNN-də, orda-burda göstərib kütləvi aksiya keçirmək adı ilə 5-10 manat əlavə pul alsınlar. Bu hamıya bəllidir. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerlə qane olmayacaqlar.

Meriya tamamilə düzgün edib elə cavab verib. Çünki qanunda da göstərilib ki, rəngindən, xasiyyətindən, xarakterindən, mövqeyindən asılı olmayaraq dövlət bütün vətəndaşların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Bakı Şəhər İcra Hakimiyyəti deyir ki, dövlət bu gün yalnız 20-ci yaşayış sahəsində keçirilən mitinqin təhlükəsizliyə təminat verir. Başqa yerdə aksiya keçirilərsə, dələduzun biri gəlib bir qumbara, bomba atıb nəsə edər. Ona görə də dövlət başqa yerdə təhlükəsizliyə təminat verə bilmir.

Gedib müəyyən olunan yerdə mitinqlərin keçirsinlər, ictimaiyyətə mesajlarını versinlər və evlərinə qayıtsınlar. Hazırda yay mövsümüdür, hava da yaxşı keçir. Yaxın yerdir, Şıx çimərliyinə. Gedib dənizdə çimə də bilərlər”.

SİMSAR

17 İyun, 2011  20:04 Baxılıb: 1284

Bu bölmədə