Simsar.az | bizi özünüzə Simsar bilin
Qüdrət Həsənquliyev İctimai Palataya çağırış etdi

İyunun 19-na təyin edilən aksiya heç bir effekt verməyəcək və iflasa uğrayacaq

Bir müddət öncə Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi başa çatanadək etiraz aksiyalarına moratorium qoyulması barədə siyasi partiyalara müraciət edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev İctimai Palatanı bu ayın 19-a təyin etdiyi aksiyanı təxirə salmağa çağırıb.  

Simsar.az-ın məlumatına Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında İctimai Palatanın 19 iyunda keçirmək istədiyi etiraz aksiyası ilə bağlı qərarına münasibət bildirib.

"Eurovision-2011" mahnı müsabiqəsindən sonra Azərbaycan xalqının müxalifətin barışmaz qütbünə münasibətində hər hansı bir dəyişikliyin baş vermədiyini önə çəkən BAXCP sədri etiraz aksiyaları ilə bağlı qəbul olunan qərarda xarici amillərin rol oynadığı vurğulayıb:

"İctimai Palata öncə ictimai dəstəyin olmadığını əsas gətirərək etiraz aksiyalarının dayandırılması barədə qərar qəbul etmişdi. Bu qərarın qəbul olunmasını şərtləndirən amillərlə bağlı səslənən fikirləri hər kəs yaxşı xatırlayır”.

Qüdrət Həsənquliyevin qənaətinə görə, aksiyalarla bağlı qərarın arxasında ölkəmizin "Eurovision" müsabiqəsindəki qələbəsindən sonra bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyini göz önünə alan xarici qüvvələrin maraqları dayanır: "Son zamanlar səfirlərin, eləcə də xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin müxalifətin himayə və istifadə etdikləri qrupları ilə görüşü də məhz Azərbaycana qarşı təzyiq kampaniyasının stimullaşdırılması ilə bağlıdır”.

BAXCP sədri İctimai Palatanın iyunun 19-a təyin etdiyi aksiyanın heç bir effekt verməyəcəyini və iflasa uğrayacağını da bildirib: "Bu aksiyaya nəinki İctimai Palatanın, heç bu qurumun Koordinasiya Şurasının üzvləri də qatılmayacaqlar və bu növbəti iflas olacaq. İctimai Palata "Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək aksiyalara moratrium qoymaqla, özünə qarşı olan münasibəti azacıq da olsa dəyişə bilərdi. Təəssüf ki, bu şansdan da istifadə edə bilmədilər".

Simsar.az

17 İyun, 2011  19:43 Baxılıb: 1119

Bu bölmədə