Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov İspan iş adamları ilə bir yerdə

Görüşdə İspaniya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə xüsusi səfiri M.V.Scola iştirak edib.

Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu gün İspaniyanın Sahibkarlar Konfederasiyaları Təşkilatında (İSKT) bu ölkənin aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb. 

Simsar.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatIna görə, tədbirdə Konfederasiyanın beynəlxalq əlaqələr komissiyasının prezidenti J.Banegas və İspaniya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə xüsusi səfiri M.V.Scola iştirak edib.

Tədbirdə çıxış edən J.Banegas Azərbaycanın surətlə inkişaf etdiyini, İspan şirkətlərinin bu yeni bazara çıxmasının vacibliyini, İSKT-nın bu sahədə lazımı köməkliyin göstərilməsinə hazır olduğunu bildirib və nazir E.Məmmədyarovun səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni sahələrin tapılmasına öz töhfəsini verəcəyini əmin olduğunu qeyd edib.

İspaniyaya ilk dəfə olaraq rəsmi səfər etdiyini bildirən E.Məmmədyarov iqtisadi və siyasi sahədə iki ölkə arasında əməkdaşlığın aşağı səviyyədə olduğunu vurğulayaraq, bu vəziyyətin tamamilə dəyişməsinin vacibliyini bəyan edib. Azərbaycan bazarında fəaliyyət göstərən və buraya gəlmək istəyən bir neçə İspan şirkətləri barədə məlumat verən nazir, Azərbaycanın neft-qaz sahəsinin vəziyyəti, ixrac prosesi və istiqamətləri, respublikada xarici şirkətlər üçün böyük imkanların mövcud olduğunu xüsusi vurğulayıb.

Ölkələr arasında imzalanması üçün ən vacib sazişlərdən olan ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin qarşılıqlı qorunması Sazişlərinin artıq hazır olduqlarını bildirən nazir, onların imzalanmasının vacibliyini, həmin sazişlərin adətən nazirin səfəri zamanı deyil, ölkəmizin digər aidiyyəti qurumları tərəfindən imzalandığını və bunun üçün İspaniyanın əlaqədar qurumlarının Bakıya səfərlərinin təşkil olunmasının vacib olduğunu bildirib.

Azərbaycanda həyata keçirilən iri layihələr barədə tədbir iştirakçılarına məlumat verən E.Məmmədyarov, Azərbaycanda müxtəlif ispan mallarının tapıldığını qeyd edərək, onların əsasən ikinci ölkələr vasitəsi ilə Azərbaycan bazarına çıxdığını bildirib, İspan şirkətlərini Azərbaycanla birbaşa əlaqələrin qurulmasına dəvət edib.

Daha sonra İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin rəsmi nümayəndəsi M.V.Scola, E.Məmmədyarovun ilk səfərinin əlaqələrin inkişaf etdirilməsində xüsusi rol oynayacağını qeyd edib.

Nazir E.Məmmədyarov İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet ilə keçirdiyi görüşə istinad edərək, Azərbaycan-İspaniya Biznes Forumunun keçirilməsi razılaşması barədə tədbir iştirakçılarına məlumat verib və onları həmin foruma qatılmağa dəvət edib.

İSKT-nın prezidenti öz növbəsində sözügedən Biznes Forumun keçirilməsini dəstəkləyib, Azərbaycana gəlmək dəvətini qəbul edib, səfərin təşkilatı məsələlərinin İSKT tərəfindən həyata keçiriləcəyini bildirib. O səfərin tarixlərinin yaxın zamanda bildiriləcəyini vəd edib.

Tədbirin sonunda artıq ölkəmizlə çalışan və ya buraya gəlmək fikrində olan bir neçə İspan şirkətinin sualları E.Məmmədyarov və səfir A.Əfəndiyev tərəfindən cavablandırılıb və onlara ölkəmizdə həyata keçirilən iri layihələr, o cümlədən dəmir yolları, turistik və xüsusi ilə xizək kurortları, neft emalı, infrastruktur və bir çox digər sahələrdə həyata keçirilən iri miqyaslı layihələr barədə məlumat verilib.

17 İyun, 2011  19:27 Baxılıb: 1037

Bu bölmədə