Simsar.az | bizi özünüzə Simsar bilin
DİN mətbuatdakı xəbəri təkzib etdi

ABŞ və Böyük Britaniya vətəndaşlarına qarşı xuliqanlıq təsadüfdir

Azərbaycan Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonunda ABŞ və Böyük Britaniya vətəndaşlarına qarşı törədilən xuliqanlıq hərəkətlərinin təsadüf olduğunu bəyan edib. 

Simsar.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, iyunun 15-dən 16-a keçən gecə saat 00:30 radələrində ABŞ vətəndaşı Amanda Eriksonla Böyük Britaniya vətəndaşı Seliya Dakers Yasamal rayon Polis İdarəsinə müraciət edərək 4 nəfər naməlum şəxs tərəfindən döyüldüklərini deyiblər.

Rəis müavini bildirib ki, xanımlardan birində bədən xəsarətləri aşkar edilib və ona xəstəxanada ilkin tibbi yardım göstərilib.

Zahidov bəzi KİV-də onların izlənməsi, bu hadisənin əvvəlcədən planlaşdırılması barədə yayılan məlumatları təkzib edib və bildirib ki, zərərçəkənlərlə söhbət zamanı onlar hadisənin təsadüf və xuliqanlıq zəminində baş verdiyini təsdiqləyiblər.

Nazirlik sözçüsü qeyd edib ki, faktla bağlı Yasamal RPİ-də əməliyyat-axtarış qurupu yaradılıb və xuliqanlıq edənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

"Daxili İşlər Nazirliyi insanların xuliqanlıq zəminində döyülməsini, xüsusən də ölkəmizdə qonaq olan əcnəbilərə qarşı belə hərəkətlərə yol verilməsini qətiyyətlə pisləyir. Hadisəni törədənlər tutularaq kimliyindən asılı olmayaraq, məsuliyyətə cəlb olunacaqlar", - Zahidov vurğulayıb.

Ramil

17 İyun, 2011  17:48 Baxılıb: 1104

Bu bölmədə