Simsar.az | bizi özünüzə Simsar bilin
Şəhid Əlihüseynin anasına vəzifə verildi

Şəhid anaları baş tacımız, qürur yerimiz, qəhrəman oğulları vətən sevgisi ilə böyüdən Azərbaycan xanımlarıdır. Onlara diqqət və qayğı xalqımızın və dövlətimizin mənəvi borcudur.Vətən Müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası, uzun illər pedaqoji fəaliyyət göstərmiş Arzu Məmmədova oğlu, qəhrəman Əlihüseynə öyrətdiyi vətən sevgisini, həm də şagirdlərinə aşılayıb. Arzu Məmmədova pedaqoji fəaliyyəti dövründə şagirdlərdə vətənpərvərlik hissini daha da artırmaq üçün dəfələrlə məktəblilərlə N saylı hərbi hissələrdə əsgərlərlə görüşmüş, Milli Qəhrəman Mübariz İbrahimovun evini ziyarət etmiş, şəhidin keçdiyi döyüş yolu haqqında yetirmələrinə ətraflı məlumat vermiş, eyni zamanda şəhid ailələrinə, qazilərə mənəvi dəstək olmuş, qəhrəman oğulların geniş ictimaiyyətə tanınması yönündə müxtəlif layihə və tədbirlər həyata keçirmişdir. 252 saylı məktəb-liseydə təlim tərbiyə işləri üzrə müavin vəzifəsində çalışan Arzu Məmmədovanın işini hər zaman yüksək qiymətləndirən məktəb direktoru Eldəniz Əkbərov da  öz növbəsində şəhid anasına xüsusi diqqət göstərmiş, ona mənəvi dəstək olmuşdur. Cənab prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi diqqət və qayğısı, eyni zamanda Arzu Məmmədovanın çoxillik pedaqoji fəaliyyəti nəzərə alınaraq, həmçinin direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edərək uğurlu nəticə əldə etməsi sayəsində bu gün ona yüksək etimad göstərilmiş və Təhsil naziri cənab Emin Əmrullayevin yeni təyinatı ilə Bakı şəhəri 226 saylı məktəbin direktor vəzifəsinə layiq görülmüşdür. Şəhid adına ucalan qəhrəman oğul böyütmüş məğrur ana, ziyalı azərbaycanlı xanım, nəcibliyi ilə seçilən zərif qadın kimi tanıdığımız, şəhid anası adını şərəflə daşıyan Arzu Məmmədovanın rəhbərlik edəcəyi məktəbin həm şagirdləri, həm müəllimləri, həm də valideynləri üçün əsl vətənpərvərlik nümunəsi olacağına və bu məktəbdə təhsil alan şagirdlərin xalqımıza, dövlətimizə layiqli  vətəndaş olacağına tam əminik. Yeni təyinat Azərbaycanımızın gələcəyi olan yetirmələrimiz üçün uğurlu olsun.

12 Aprel, 2022  17:34 Baxılıb: 8824

Bu bölmədə