Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva:"Gəlişinə deyil, gedişinə sevinirlərsə..."

"Nəhayət! Gözlənilən, arzulanan xəbər yayıldı: Ramiz Mehdiyev istefa verdi! Özünəxas ənənələri olan elm ocağımız rahat nəfəs ala biləcək".

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

"Akademiyanın elm ocaqlığından intriqa yuvasına, siyasi hesablaşma məkanına çevrilməsinə səbəb olan tək isimdi Ramiz Mehdiyev.

Milli kadrlara, vətəncanlı insanlara əlinə düşən hər fürsətdə maneələr, süni əngəllər yaradan Mehdiyev, akademiyaya, elmə, təhsilə, gənc kadrlara nə verə bilərdi ki? Yüksələn ictimai təzyiq qarşısında mənəvi cəhətdən tam aşınmış persona olan Mehdiyev artıq öz aqibəti ilə barışmalıdır. O, hansı sözü eşidir, hansı münasibətlə üzləşirsə, günahkar arayışına çıxmamalı, günahı özündə axtarmalıdır, məhz özündə!

Akademiyanın mətbu orqanını şəxsi mənfəət saytına çevirən yaşlı Akademiya prezidenti ona göstərilmiş etimadı heç zaman düzgün qiymətləndirə bilmədi. Və budur: hər kəs sevinir. Əgər sənin gəlişinə deyil, gedişinə sevinirlərsə, bütün keçmiş açıq-gizli əməllərinə görə üzr istəməyə özündə güc tapmalısan..." - deyə Qənirə Paşayeva bildirib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev ötən gün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

15 Fevral, 2022  10:57 Baxılıb: 5044

Bu bölmədə