Simsar.az | bizi özünüzə Simsar bilin
Mənəvi Dünya İctimai Birliyi Gənclər Gününü qeyd edib

Yanvarın 31-də “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı bayram tədbiri keçirib.

Simsar.az - ın xəbərinə görə, tədbirdə İctimai Birliyin sədri Şahin Həsənli, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatları Aqil Abbas, Kamran Bayramov, dövlət qurumlarının təmsilçiləri, QHT və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və jurnalistlər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Şahin Həsənli gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycan Gəncləri Gününün 25 ildir qeyd olunduğunu vurğulayan Birliyin sədri qeyd edib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gəncləri Günü təsis edilib. Bildirilib ki, bu günün təsis olunması Azərbaycanda gənclərə göstərilən yüksək dövlət qayğısının bariz göstəricisidir. Sevindirici haldır ki, bu yüksək etimadı doğruldan ölkə gəncləri bütün sahələrdə mühüm uğurlar qazanmaqla Azərbaycanın inkişafına layiqli töhfələr verirlər. Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm informasiya savaşında, həm də arxa cəbhədə sarsılmaz vətənpərvərlik nümunəsi göstərdilər. Prezident İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdilər, əzəli torpaqlarımızda üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan gənci yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.

Prezident İlham Əliyevin Vətən müharibəsində Qələbənin qazanılmasında gənclərimizin dini və milli dəyərlərə bağlılığının mühüm yer tutması barədə fikrini diqqətə çatdıran Şahin Həsənli bildirib ki, bu amil müharibə müddətində özünü qabarıq şəkildə göstərdi. Azərbaycan əsgəri, Azərbaycan gənci döyüş meydanında mənəviyyatla davrandı. Dinc əhaliyə mərhəmət göstərdi. Məscidlərimizi dağıdan düşməndən fərqli olaraq, kilsələrə, dini abidələrə toxunmadı. Bu üstün xüsusiyyətlər xalqımızın böyüklüyünü göstərir.

Tədbirdə digər çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb, onlar üçün yaradılan şəraitdən söz açıblar.

Sonra tanınmış gənc incəsənət xadimlərinin ifaları dinlənilib, uğur qazanmış gənclər qazandıqları nailiyyətlər barədə məlumat veriblər. Tədbirdə Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərimizə bağlılığına həsr olunmuş film nümayiş etdirilib.

Qeyd edək ki, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi 2007-ci il martın 15-də dövlət qeydiyyatına alınıb. Birliyin əsas məqsədi müasir dövrdə şəxsiyyətin mənəvi tərbiyəsi və təkamülünə şərait yaratmaq, mədəniyyətimizin maddi və mənəvi irsinin qorunması məqsədilə insanlara məsuliyyət hissi aşılamaq, sağlam həyat tərzini təbliğ etmək və gənclərin humanizm ruhunda tərbiyə olunmasına yardım göstərməkdir.

31 Yanvar, 2022  20:12 Baxılıb: 3715

Bu bölmədə

16 May, 2022
Sabahın havası