Simsar.az | bizi özünüzə Simsar bilin
“Şəmkir işi”ndə adı hallanan Famil Xəlilov: “Yazılanlar şantaj və böhtandır”

“Şəmkir rayonu İcra Hakimiyyətinə məxsus olmayan bir ərazi üçün hər hansı rüşvətin verilməsi məntiqsizdir. Haqqımda bu xəbəri yaydıranlar və yayanlara bildirmək istəyirəm ki,  sizlər bizi istəməyən və Şəmkirimizin gözəlləşməsini, abadlaşmasını istəməyən adamlarsız. Bundan sonra da belə hallar təkrarlanarsa, məhkəməyə müraciət edəcəyəm”.

Bu açıqlamanı Bizim.Media-ya həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovla iş birliyində və rüşvət verməkdə adı hallanan “Park Kolizey” MTK şirkətinin rəhbəri Famil Xəlilov verib.

Onun sözlərinin görə haqqında iddia edilənlərin əsası yoxdur və heç kəsə rüşvət verməyib:

“Barəmdə yazılanlar şantaj və böhtan xarakterli məlumatlardır. Şəmkirdə anadan olmuşam, burada böyümüşəm və yaşamışam. Bu günə qədər rayonun xeyriyyə işlərində iştirak etmişəm. İki il əvvəl bərbad vəziyyətdə olan bir parkı abadlaşdırmaq  və orada köhnə binanın yerində yeni hündürmərtəbəli bina tikmək qərarına gəldik.

Bunun üçün icra hakimiyyəti ilə danışıqlar aparanda həmin binanın icra hakimiyyətinin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəmkir Ərazi İdarəsinin balansında olduğunu bildirdilər. İcra hakimiyyətindən bizə heç bir kömək edə bilməyəcəklərini söylədilər. Biz də Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həmin ərazini özəlləşdirdik və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən lazım olan bütün sənədləri toplayaraq tikintiyə başladıq”.

Xatırladaq ki, Şəmkirdə aparılan tikinti işlərinin həyata keçirilməsində “Park Kolizey” MTK adlı şirkətə Şəmkir rayonun keçmiş icra başçısı Alimpaşa Məmmədovun şərait yaratdığı iddia edilir.

Şəmkirdə “20 yanvar” abidəsinin ətrafında salınmış park üçün  Famil Xəlilovun Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul verdiyi iddia olunur.

29 Aprel, 2021  17:39 Baxılıb: 5008

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası