Simsar.az | bizi özünüzə Simsar bilin
Əkbər Qoşalı: "Ermənistanın Azərbaycana qarşı üç haqsız iradı və…"

Bayram tətili günlərinə düşən önəmli bir hadisə baş verib. Özünə xüsusi diqqət tələb etdiyini düşündüyüm bu hadisə ilə bağlı bir neçə məqama toxunmaq istərdim.

23 mart 2021-ci ildə BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respubli­kasının təşəbbüsü ilə “COVID19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı Qətnamə qəbul edilib.

Xatırladığımız kimi, dövlət başçımız bu il fevralın ilk günü Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışından sonra AzTV-yə verdiyi müsahibədə Azərbaycanın Qoşul­mama Hərəkatına sədrliyinin “COVİD19” əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz, qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı da danışmışdı. Sözügedən Qətnamə cənab Prezidentin ifadə etdiyi həmin mövqeyə uyğun olaraq irəli sürülmüş təşəbbüsün qısa müddət ərzində qlobal dəstək qazanmasının ifadəsidir. (Ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan Qətnamədən öncə - 05.03.2021-ci ildə Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən uyğun Komünike qəbul edilmişdi). Nəzərə alsaq ki bəzi haqsız dirəniş cəhdlərinə baxmayaraq, Azərbaycan Prezidentinin qlobal pandemiya ilə bağlı öncəki təşəbbüsləri də beynəlxalq dəstək görmüşdü, ölkəmizin, şəxsən ölkə başçısının sözünə bəslənən davamlı, sanballı münasibət qürurvericidir. Bu Qətnaməyə (də!) Ermənistan maneə olmağa çalışıb və uğursuzluğa məruz qalaraq, rüsvay olub. Necə deyərlər, yenə Ermənistan, yenə Azərbaycanın bəşəri tərəqqiyə xidmət edən təşəbbüsünə maneə olmaq cəhdi və yenə də rüsvayçı məğlubiyyət!

Biz 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində qələbə qazanmışıq və o müharibə günlərində (müharibəsonrasında da) bəzi dövlətlər açıqca Ermənistan “aşiqliyi” nümayiş etdirmiş, şımartılmış Ermənistanın məğlubiy­yətini çox ağrılı həzm etmişdilər. Deməli, beynəlxalq birliyin diqqətində olan bir mövzuda, BMT İnsan Hüquqları Şurası səviyyəsində, necə deyərlər, növbəti Azərbaycan-Ermənistan qarşılaşması və qələbəmizin baş tutması xüsusi haldır. Ermənistana istənilən müstəvidə qalib gəlmək lazımdır, Ermə­nistanı məğlubiyyətlər, uğursuzluqlar zonasından çıxmağa qoymaq olmaz. O Ermənistan ki iki üçtərəfli Bəyanatdan sonra da, Xankəndindəki qondarma rejim üzərindən hoqqalar, təxribatlar törətmək cəhdlərində bulunur, o Ermənistan ki ölkələrarası kommunikasiyaların, konkret olaraq, Zəngəzur dəhlizinin açılması öhdəliyinə sadiqlik nümayiş etdirmir, mövzuya sürün­dərməçilik “janr”ında yanaşır… Ermənistanda Ermənistanlılıq qalmaması üçün başının üzərindəki Dəmir Yumruğun hər üzünü hər zaman hər üzünə hiss etməlidir. Dəmir Yumruğun kölgəsindən belə qorxmalıdır Ermənistan. Ermənistan boyunu aşan iddia, hikkələrdən əl çəkməyə məcburdur. Bu məcburiyyəti könüllü yerinə yetirə bilmir – könlü yoxdur çünki. Könül yoxsa, kötək var! Könlü olmayanın haqq etdiyi kötək Tanrıya da, beynəlxalq hüquq normalarına da, bizim milli, dövlətçilik maraqlarımıza da uyğundur. Özü də, məhz “COVİD19” mövzusunda ən çox əziyyət çəkən ölkələrdən biri elə Ermənistan özüdür; ordan-burdan pul dilənən, yardım istəyən Ermənistandır və bu halı ilə artıq ikinci dəfədir “COVİD19” mövzusunun BMT müstəvisinə daşınması, ədalətli qərarların qəbulu üçün Azərbaycanın təşəbbüs­lərinə qarşı çıxış edib. Məğlub olub, olur və olacaq! Hikkə – bir yerədək, əda – bir yerədək, haqsızlıq – bir yerədək, ədalətsizlik – bir yerədək! – “Qədərin üstündə bir qədər vardır”!

Yaxşı, Ermənistan hansı üz, üzsüzlüklə Qətnamənin qəbul olunmasına qarşı çıxıb? – Nəymiş, əfəndim, bəs deməzsənmi, Ermənistanın bir sıra təklifləri Qətnamədə nəzərə alınmayıbmış. Təkliflər də ola ondan ibarət ki münaqişə zonalarına humanitar girişə imkan verilsin və s. Ermənistana bax, humanitar giriş təklifinə bax. Yenə də, qeyri-siyasi mövzunu siyasiləşdirmək cəhdindən başqa bir şey deyil.

Nədir münaqişə? İlla da BMT tərəfindən tanınmış Azərbaycan ərazisində “ikinci erməni dövləti” qurulmalıymış, Qarabağdakı bir ovuc erməni üçün status tanınmalıymış, eləmi? Tanınmayırsa, bu münaqişədir, eləmi? Ermənistanın diplomatı da, diplomatsızı da gözünü açıb, anlamalıdır: status gorbagor olub, cəhənnəmə gedib! Və terrorçu, işğalçı zehniyyətlilərin bu dəfə də “COVİD19”-dan gorbagor olmaması üçün Azərbaycanın həqiqət bayrağı altından keçməkdən başqa yolu yoxdur!

Bəli, ölkəmizin diplomatik uğurlarına, beynəlxalq müstəvidə çəkisinin artmasına qısqanc­lıqla yanaşan, xəbislikdən partlamaya düşən Ermənistan müzakirə mövzularından tamam kənar danışmalardan, mübahisələndirmə cəhdərindən çəkinməyə məcburdur!

Fikir verin, BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasında çıxış edən Ermənistan nümayəndəsi nə deyib? – Deyib ki bəs deməzsənmi, Azərbay­canda 2020-ci ilin no­yabrında “ermənilər yaşayan Qarabağ”da dezinfeksiya aparılmasını əks etdirən poçt markası dövriyyəyə buraxılmışdı və guya bununla Azərbaycan “ermənilər virusdur və buna görə də aradan qaldırılmalıdır” ismarıncını verib.

Daha sonra nə deyib o nümayəndə? – “Azərbaycanda ermənilərə qarşı nifrət zəminində çıxışlar edilib, etnik təmizləmə aparılıb”mış... Bunu kim deyir? – Dünyadakı nadir monoetnik ölkənin nümayəndəsi! Xocalı soyqırımını törətmiş dövlətin nümayəndəsi! Belə yaramazlıq özkeçmişinə malik bir dövlətin danışmağa haqqı varmı? – Belə birinin sözü keçərmi? – Necə ki keçmədi!

Ermənistan nümayəndəsi çıxışının sonunda, Qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyasında (03-04.12.2020) qlobal təşəbbüslərin alqışlandığı bəndi üzrə konsensusa Ermənistanın qoşulmadığını bildirib. Səbəb? – Çünki həmin xüsusi sessiya Azərbaycan Prezidentinin təşəbbüsü ilə çağırılmışdı…

Görün, özlərini necə dolaşığa salıblar. – Bəli, “Qədərin üstündə bir qədər vardır... Göylərdə yazılmış bir Fərman vardır”!

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Hərəkatın “COVID19” pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmağa davam etməsini təmin etməkdədir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

27 Mart, 2021  11:49 Baxılıb: 2246

Bu bölmədə