Simsar.az | bizi özünüzə Simsar bilin
Bu gün "Yel çərşənbəsi"dir

Novruz çərşənbələrindən ikisini - Su və Od çərşənbələrini artıq geridə qoymuşuq. Bu gün isə "yel çərşənbəsi"dir. Xalq arasında bu çərşənbəyə "yel çərşənbəsi", "yelli çərşənbə", "küləkli çərşənbə", "hava çərşənbəsi", "külək oyadan çərşənbə" də deyirlər. "Yel çərşənbəsi" el dili ilə desək, yelin təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. "Yel çərşənbəsi"ndə əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünü təmizləməsi kimi qəbul edilir. Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. "Yel çərşənbəsi"ndə əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.

Qeyd edək ki, artıq Novruz bayramına yaxınlaşdıqca havada olan dəyişkənliklər də tam sezilməyə başlanılır. Bu dəyişiklik əkinçilikdə və kənd təsərrüfatı ilə məşğul olan insanların həyatında mühüm rol oynayır. Bayramın gəlişi özünü son çərşənbələrdə daha çox büruzə verməyə başlayır.

Üçüncü çərşənbə sayılan "yel çərşənbəsi" digərlərindən insanların fəaliyyətlərinə və adət-ənənələrində əks olunan fərqliliklərə görə seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Hər bir xanım evindəki yorğan-döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər. Həmçinin evlərdə hər tərəf silinib təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinir. Əlbəttə, bölgələrdə bayramın hər bir elementi özünü daha yaxşı büruzə verir və daha dərindən qeyd edilir. Şəhərdə müəyyən qədər müasirlik və şəraitin az olması baxımından bunlar unudulub.

Ümumiyyətlə, insanlar yelin, yəni, küləyin onlara xoş və şirin təəssüratlar gətirəcəyinə inanırlar. "Yel çərşənbəsi"ndə əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu da əvvəlki çərşənbə olan "od çərşənbəsi"ndə qeyd etdiyimiz Boz ayla əlaqədar olaraq formalaşır. Bu çərşənbədə də, digərlərində olduğu kimi, hamının qapısında, həyətində tonqallar qalanır. Eyni ilə digər çərşənbələrdə olduğu kimi, yenə insanlar bu tonqalların üzərindən tullanırlar.

Çərşənbə axşamlarında tonqal qalanması, göyə yanar fişənglər, lopa atılması ululardan qalma qədim el adətidir. Tonqal qalamaq, odun üzərindən tullanmaq, lopa fırlayıb göyə atmaq əski mifik dünyagörüşü ilə bağlıdır. İşığın, günəşin gücünə inanan qədim insan odun, alovun köməyi ilə mənfi səciyyəli yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən şər qüvvələri qovub-uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od günəşin rəmzi kimi düşünülürdü. Çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin, yazın çağırılması mərasimidir. Bu aktın icrası zamanı "ağırlığım, uğurluğum odda yansın" söylənməsi də əski təsəvvürlə çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda - mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.

“Yel çərşənbə”niz mübarək!

9 Mart, 2021  10:35 Baxılıb: 1695

Bu bölmədə