Simsar.az | bizi özünüzə Simsar bilin
Hüseyn Cavidin doğum günüdür

Bu gün görkəmli şair, dramaturq Hüseyn Cavidin doğum günüdür.Simsar.az-ın  məlumatına görə, Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbdə alıb. 1899-1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.H.Cavidin "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. Amma Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun tarixi dramları olan "Peyğəmbər" və "Topal Teymur"dan sonra yazdığı "Səyavuş", "Xəyyam" əsərləri müəllifin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş yaradıb.Sənətkar totalitarizmin dəhşətli dövründə sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyərək rəhbər şəxsləri mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 1941-ci il dekabrın 5-də də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub. Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində sənətkarın nəşi İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib, qəbri üstündə məqbərə ucaldılıb. 4 il əvvəl Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə dahi sənətkarın 130 illiyi yerlərdə yüksək səviyyələrdə qeyd olunub və respublika paytaxtında yubiley münasibəti ilə məhtəşəm tədbir keçirilib.

24 Oktyabr, 2020  12:14 Baxılıb: 3185

Bu bölmədə