Simsar.az | bizi özünüzə Simsar bilin
XİYARLARIN ANALİZ NƏTİCƏLƏRİ AÇIQLANIB

Bakı şəhərində yerləşən bazarlarda satılan xiyarlardan götürülən nümunələrin ekspertizası başa çatıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov APA-ya bildirib ki, laboratoriyada tərəvəzin tərkibindəki nitratın, ağır metalların, istifadə olunan kimyəvi zəhərli maddələrin qalıq miqdarı öyrənilib: “Yoxlamalar zamanı neqativ nəticə üzə çıxmayıb. Qeyd etmək istəyirəm ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları insan sağlamlığı üçün daha yararlıdır, nəinki xaricdən gətirilən. Çünki bizdə məhsulun yetişdirilməsi üçün istifadə olunan kimyəvi zəhərli maddələrin miqdarı xariclə müqayisədə xeyli azdır. Bu da orqanizm üçün zərərli deyil. Bu maddələr virusların əmələ gəlməsinə imkan yarada bilməz, əksinə onları məhv edir”. 

Y. İbrahimovun sözlərinə görə, hazırda bazarlarda yerli, İran və Türkiyədən idxal olunan xiyarlar satılır: “Bəzi hallarda həmin məhsulların tərkibində nitratın miqdarı xeyli çox olur, amma biz bu zaman tədbirlər görürük”.

Qeyd edək ki, Avropada yayılan bağırsaq infeksiyasının arealını genişləndirməsi və artıq qonşu Gürcüstana da çatması Azərbaycanda da sanitar-epidemioloji durumla bağlı gücləndirilmiş rejimə keçməyi tələb edib. Bu tədbirlər çərçivəsində xiyar məhsulu şübhəli bilindiyindən bazarlarda satılan xiyar məhsullarından nümunələr götürülmüşdü.

15 İyun, 2011  01:25 Baxılıb: 1173

Bu bölmədə