Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda həkim 200 AZN verib, meyiti "aradan çıxardıb"? – Həkimdən AÇIQLAMA

“Ege Hospital”da çalışan kardiocərrah Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədovun səhv əməliyyat nəticəsində ölümünə görə ailəsi tərəfindən günahlandırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə mərhumun qızı məlumat verib.
Mərhumun qızı iddia edir ki, həkim Ülvi Mirzoyev atasının ölümündən sonra pul tələb edərək onu yenidən əməliyyat etmək istəyib:
“İyunun 24-də atamın ürəyində narahatlığı olduğu üçün həkimin qəbuluna apardıq. Müayinə etdikdən sonra atamı dərhal anju (angioqrafiya) etdirən həkim dedi ki, 98% damarları tıxanıb, yanınızda pul varsa, elə bu gün 6 ədəd stend qoyaq, xəstəni ikinci dəfə incitməyək. Biz soruşduq ki, bu qədər stend qoymaq olarmı? Dedi ki, bəli, “mən hətta 8 ədəd də qoyuram”. 10 min manat ödəyib razılaşdıq. 2 gün sonra bizi evə buraxdılar. İyul ayının 4-ü gecə saatlarında atam özünü pis hiss etməyə başladı. Təcili yardım çağırdıq, bizə dedilər ki, ürəyə bu qədər stend qoymaq olmaz. Səhər atam anamla həkimin yanına getdi. Müayinə üçün 1500 manat yenidən ödənildi, həkim baxıb deyib ki, təcili açıq ürək əməliyyatı lazımdır. Həkim anama sənədlər gətirib ki, əməliyyata razılıq verməsi ilə bağlı imza atsın. Anam deyib, qoy xəstəni görüm, sonra. İstəyib atamla məsləhətləşsin ya görsün vəziyyəti necədir. Sən demə atam çoxdan dünyasını dəyişib. Bu vicdansızlar anama sənədə qol çəkdirib, pulu da alıb, ölmüş adamı guya əməliyyat edəcəkdi, sonra da deyəcəkdi, əməliyyatdan çıxmadı. Daha sonra həkimi axtaranda gördük ki ortalıqda yoxdur və 200 AZN ödəyib atamı nəşini məscidə yuduzdurmağa göndərib. Sən kimsən ki, kiminsə meyidini icazəsiz məscidə göndərirsən?”.
Məsələ ilə bağlı kardiocərrah Ülvi Mirzoyev ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında 67 yaşlı Əliyəsər Xasməmmədovun ölümündə günahının olmadığını bildirdi:
“Bu şəxsin ölümündə mənim günahım yoxdur, onun son nəfəsinə qədər mən və digər həmkarlarım sonuna qədər savaşmışıq. Səbinə xanımın (Əliyəsər Xasməmmədovun qızı – red.) acısını anlayıram, atasını itirib, amma yalan məlumat yaymaq heç bir ruh halında doğru deyil. Təəssüf ki, biz həmişə 100 faizlik nəticə ala bilmirik, bütün xəstələrimizi də xilas edə bilmirik. Xəstəmiz ağır vəziyyətdə xəstəxanamıza daxil olmuşdu və vəziyyətinə uyğun olaraq (müasir beynəlxalq peşəkar kardioloji cəmiyyətlərin tövsüyyələri əsasında) koronar arteriyalarına angioplastika və stent tətbiq edilməsi əməliyyatı aparıldı və xəstə 2 gün sonra tam sağalma ilə evə yazıldı. Bu arada, pulu, əlbəttə ki mənə deyil, çalışdığım özəl xəstəxananın kassasına ödəyiblər. Daha sonra xəstədə yenidən şikayətlər yarandığı üçün biz bir neçə müayinədən sonra damarlarını yoxladıq və gördük ki, bütün damarlarında tromboz (laxtalanma) baş verib. Bu cür hallar iki səbəbdən olur, ya xəstə yazdığımız dərmanları qəbul etmədiyində, ya da qan duruldan dərmanlara qarşı anadangəlmə inadkarlıq (rezistentlik) olduğu zaman. Xəstənin dediyinə görə, dərmanlarını qəbul etmişdi, bu səbəblə, biz bu total laxtalanmaları genetik defektlə əlaqələndirdik, bunun üçün əlavə testlər də planladıq. Amma xəstənin vəziyyəti gedərək pisləşdiyi üçün konsiliumla təcili cərrahiyyə əməliyyatının icrasına qərar verdik. Və xəstə yaxınlarına bu barədə məlumat verdik. Onlardan bu prosedurlar üçün heç kim pul tələb etməmişdi. Ümümumiyyətlə, pul məsələsini çox qabardırlar, amma bizim xəstəxananın birinci məqsədi pasientlərin yaxşı olmasıdır. Daha sonra, xəstə yaxınları qərar verənə qədər, xəstənin vəziyyəti pisləşdi və ürək dayanması baş verdi. Bütün personalımız 1 saatdan çox reanimasion tədbirləri aparmasına baxmayaraq, xəstəmizi itirdik. Burada bir həkim səhvi və səhlənkarlığı qətiyyən yoxdur”.
Həkim qeyd etdi ki, onun alnı açıqdır:
“Vicdanım rahatdır və istənilən ekspert tərəfindən incələnə bilər. Bütün dünyada yüz minlərcə xəstənin yaşadığı hadisədir, lakin biz bunu xəstə yaxınlarına izah edə bilmirik, bizi dinləmirlər, əvəzində həm özümə, həm ailə üzvlərimə müxtəlif təhqirlər edib ölümlə hədələyirlər. Bizim gördüyümüz hər işin tibbi və video qeydiyyatı var. İstənilən ekspert tərəfindən incələnə bilər. Hər itirdiyimiz xəstə şəxsən mənim üçün və bütün kolleqalarım üçün də ağır itkidir, biz elə bil öz yaxınımızı itiririk. Amma, təəssüf ki, bu belədir. Hamıya kömək edə bilmirik. İndi heç kim ölüm nisbəti 3% olan COVID-19 dan kimsə vəfat edən olanda təəccüblənmir, amma ölüm nisbəti 30%-lərə qədər olan ürək damar xəstliklərindən insan rəhmətə gedəndə, həkimləri hədəf halına gətirməyə çalışırlar nədənsə. Yenə deyirəm, hər xəstə bizim üçün əzizdir, amma hər kəsi xilas etmək bəzən mümükün olmur, bununda günahkarı həkim deyil. Mərhumun yaxınlarını da yalan məlumat yazıb, bir də təhqir və böhtan əvəzinə, bu məsələnin həllini hüquqi müstəvidə tapmaları daha yaxşı olardı. Allah mərhumu rəhmət eləsin. Mənim isə alnım açıq, vicdanımsa təmizdi. Öz yaxınıma nə edərdimsə, xəstəyə də onu etmişəm”.
Kardiocərrah Ülvi Mirzoyev 200 AZN verib meyiti aradan çıxarması ilə bağlı iddialara cavab olaraq bildirdi ki, mərhumun yaxınlarının icazəsi olmadan elə bir şey mümkün deyil, ümumiyyətlə o cür işlərdə həkimlər iştrak etmir.

7 İyul, 2020  13:24 Baxılıb: 2296

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası